“Heydər Əliyev ili – 2023”: Tərtərdə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırış yaşlı gənclərlə peşəkar hərbçilərin, Vətən müharibəsi veteranları və qazilərin görüşü keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırış yaşlı gənclərlə peşəkar hərbçilərin, Vətən müharibəsi veteranları və qazilərin görüşü keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, N saylı hərbi hissənin komandir müavini Famil Ramazanov, Birinci Qarabağ və Vətən Müharibəsinin qazi və veteranları, ümumtəhsil məktəblərinin hərbi rəhbərləri və çağırışçı gənclər iştirak ediblər.
Görüşdən öncə tədbir iştirakçıları Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.
Tədbirdə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çıxış edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
İcra başçısı tədbir iştirakçılarını Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib,onlara uzun ömür,can sağlığı,işlərində müvəffəqiyyətlər arzulayıb.
Rayon rəhbəri öz çıxışında Ümummilli Liderin bu sözlərini diqqətə çatdırıb: “Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”.
Qeyd olunub ki, Ümummilli Liderin Azərbaycanın xoşbəxt, təhlükəsiz gələcəyinə təminat verən zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini də ordu quruculuğu təşkil edir.
Cəmşid Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sənətinə marağın daha da güclənməsinə böyük təkan vermişdir. Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdur.
Dahi sərkərdə 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olmasından sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlamışdır. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılmış, orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər öz həllini tapmışdır.
Ulu öndər, əbədiyaşar sərkərdə Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Bu gün qürur hissi ilə deyirik ki, regionun ən qüdrətli ordusu - Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edib, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edib.
Rayon rəhbəri Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsinin yazıldığını, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunduğunu, Azərbaycan Ordusunun bu gün dünyanın 50 ən güclü ordusu sırasında yer aldığını, xalqımızın Ali Baş Komandanımızla,Silahlı Qüvvələrimizlə qürur duyduğunu bildirib.
Görüşdə iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elşən Abdullayev, N saylı hərbi hissənin komandir müavin Famil Ramazanov, Şəhid ailələri, Qarabağ Müharibəsi Əlilləri və Veteranları İctimai Birliyinin Tərtər rayon şöbəsinin sədri Suliddin Yusifov, Azərbaycan Vətən Müharibəsi İştirakçıları İctimai Birliyinin regionla bölməsinin rəhbəri Vidadi Məmmədzadə, “Azərbaycan Bayrağı” ordenli Elnur Salahov, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov, valdeyinlər adından Sivetlan Əzizova və Tünzalə Vəliyeva, Vətən müharibəsi qazisi Təhmuraz Muradov, Səhləbad kənd tam orta məktəbinin hərbi rəhbəri Səbuhi İbrahimov çağırışçı gənclərə hərbi nizam-intizam, 44 günlük Vətən müharibəsində Ordumuzun göstərdiyi döyüş şücaətindən danışıblar. Çıxış edənlər ordu quruculuğuna göstərilən diqqət və qayğıdan bəhs edib, gənclərə hərbi xidmətlərini uğurla başa vurub, sağ-salamat geri dönməyi arzulayıblar. Çıxışlarda gənc nəslin vətənpərvər ruhda böyüməsi, azərbaycançılıq ideologiyasına, milli dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi formalaşmasının gənclər siyasətinin əsas istiqamətlərindən olduğu vurğulanıb.
Çağırışçı gənclər adından Emin Əlizadə çıxış edərək hərbi xidmətdə nümunəvi xidmət edəcəklərini, komandirləri tərəfindən verilən tapşırıqları məsuliyyətlə yerinə yetirəcəklərinə söz verib.