Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli -2023”: Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri mükafatlandırılıb

22 dekabr 2023 | 14:16

Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılması münasibəti ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir rayon icra hakimiyyətinin inzibati binasında  davam etdirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb. Rayon rəhbəri öz çıxışında bildirib ki, 2023-cü il  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” elan olundu və ölkə rəhbərinin 28 noyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı, həmin tədbirlər planı əsasında isə rayon icra hakimiyyəti tərəfindən keçiriləcək tədbirlərin təqvim planı təsdiq edildi. Həmin təqvim planına əsasən bu günədək rayonumuzda Ulu Öndərin  100  illik yubileyinə həsr olunmuş onlarla tədbirlər –elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər keçirildi, rayonumuzda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini minlərlə tərtərli və rayonumuzun qonaqları ziyarət etdi.

Rayonumuzun tanınmış ziyalılarının, elm xadimlərinin iştirakı ilə keçirilən Ulu Öndərin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans bu insanların həmyerliləri qarşısında  bir növ hesabatına çevrildi, onlar Ümummilli Liderin Azərbaycanın, hər bir azərbaycanlının taleyində misilsiz rol oynadığını bildirdilər.

Rayonda keçirilən yubiley tədbirlərində tərtərlilərlə yanaşı respublikamızın hər yerindən olan qonaqlar iştirak etdilər. O cümlədən Ulu Öndərin məzunu olduğu Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin rayonumuza gəlişi, keçirdikləri tədbirlər, söylədikləri mühazirələr yaddaşımızda dərin iz buraxdı.

Milli Məslisin deputatları, politoloqların iştirakı ilə keçirdiyimiz tədbirlər də yaddaşlara yazıldı.

Rayonumuza gələn hörmətli qonaqlar, nazirlər tərtərlilərlə birlikdə yubileyə həsr olunmuş agacəkmə aksiyalarında həvəslə iştirak etdilər.

Bu gün  isə Sizinlə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yekun tədbirə yığışmışıq.

İcra başçısı Heydər Əliyevin  14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə Azərbaycanın tarixində dövlətçıliyin və müstəqilliyin əsasının qoyduğunu, onun 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxışının Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərini  müəyyənləşdirdiyini qeyd edib. Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, Ulu Öndər Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və çətin sınaqlarından uğurla çıxararaq uzaqgörənliyi, fədakarlığı, müdrikliyi ilə müstəqil dövlətimizin təməlini möhkəmləndirib. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev şəxsiyyətinin nəticələridir.

Vurğulanıb ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib. Ümummilli Lider deyirdi: “Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər  insanların  yaşadığı bir diyardır. “Ulu Öndərin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən sonra rayonumuzun ictimai-siyasi və iqtisadi həyatında böyük dəyişikliklər oldu. Həmin illərdə Tərtər 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesini dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət bir qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikilib, əhalinin mənzilə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyətyanı torpaq sahəsi verilib. Bundan başqa, rayonda 2000-ə yaxın işçi qüvvəsi olan Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıqtəmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan Şirə zavodu, Süd emalı zavodu, Yol tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider dəfələrlə Tərtərdə olub, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib. Sərsəng su anbarının tikintisi ilə maraqlanıb və onun səyi nəticəsində inşası 5 ilə nəzərdə tutulmuş layihə cəmi bir il ərzində icra olunub. Ulu Öndərin diqqət və qayğısı ilə Tərtər rayonu inkişaf edib, gözəlləşib.

Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi üçün gördüyü misilsiz işlərdən danışan icra başçısı bildirib ki, Ümummilli Lider öz xalqını çox sevirdi və milli mənsubiyyətinə çox sadiq idi. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin layiqli varisi olduğunu sübut etdi və ata vəsiyyətini yerinə yetirdi. “2023-cü il - “Heydər Əliyev İli” bütün ölkəmiz üçün uğurlu oldu. Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız terrorçulardan tamamilə təmizləndi, ərazi bütövlüyümüz tam təmin edildi.

Yeni il də bizim  xalqımız, dövlətimiz üçün əlamətdar olacaq. 30 ildən sonra keçiriləcək 7 fevral növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinin ən önəmli seçkiləri olacaq. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə vətəndaşı kimi seçkilərdə iştirak edəcək.

Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Eldar Əsədov, “Qarabağ” Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılov, ”Əməkdar müəllim” İlham Məmmədov, şəhid anası Afidə Mirzəyeva, Hacıqərvənd kənd tam orta məktəbinin direktoru Sitarə Xəlilova və şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Ayşə Bayramlı məhz Ulu Öndərin xidmətləri və əsasını qoyduğu siyasət sayəsində Azərbaycanın regionda aparıcı qüvvələrdən birinə çevrildiyini deyiblər. Çıxışlarda vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri bitib-tükənmir.

Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və ölkədə köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması məhz Ulu Öndərin adı ilə bağlıdır.

Bildirilib ki, Ulu Öndər əməlləri, sözləri ilə örnək olan və arxasınca böyük bir xalqı aparmaq qabiliyyətinə malik bir şəxsiyyət idi. Bizim hər birimiz ona borcluyuq. Əgər biz bu gün varıqsa, dövlətimiz varsa, dövlətçiliyimiz varsa, bütün bunlara görə Ulu Öndərə borcluyuq. Bu gün onun irsini qoruyaraq olduğu kimi gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.

Tədbirin sonunda  “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinə rayon icra hakimiyyəti tərəfindən  Fəxri Fərman və hədiyyələr təqdim olunub.

Keçidlər