Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli-2023”: Tərtərdə “Heydər Əliyev ideyaları bu gün də yaşayır və ugurlarımızın rəhnidir” mövzusunda konfrans keçirilib

22 iyun 2023 | 16:54

Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi münasibəti ilə Tərtər  rayonunda  silsilə tədbirlər  keçirilir.

22 iyun 2023-cü il tarixdə “Heydər Əliyev İli “ çərçivəsində YAP rayon təşkilatının və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində əslən rayondan olan tanınmış ziyalıların iştirakı ilə “Heydər Əliyev ideyaları bu gün də yaşayır və ugurlarımızın rəhnidir” mövzusunda konfrans keçirilib.

Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli,  YAP Mərkəzi Aparatının təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, akademik Vaqif Abbasov, xalq şairi Vahid Əziz, xalq artisti Teyyub Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, veteranlar və KİV nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edib, xatirələrinə ehtiram əlaməti olaraq abidələrin önünə  gül dəstələri düzüblər. Sonra konfrans rayon Mədəniyyət Mərkəzində davam edib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.

Sonra şəhər 2 saylı məktəb-liseyin şagirdləri qonaqları salamlayaraq Ulu Öndərin müdrik kəlamlarını səsləndiriblər.

YAP Tərtər Rayon təşkilatının sədri Eldar Əsədov  qonaqları, konfrans iştirakçılarını salamlayıb, “Heydər Əliyev ideyaları bu gün də yaşayır və ugurlarımızın rəhnidir” mövzusunda məruzə edib. O, məruzəsində  Azərbaycanın müasir tarixində Ulu öndərimiz Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyətindən, bu dahi şəxsiyyətin müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində xidmətlərindən söhbət açıb. Qeyd olunub ki, XX əsrin mürəkkəb geosiyasi prosesləri fonunda ölkəmizin öz müstəqilliyini qoruyub saxlaması, cəmiyyətin ən müxtəlif təbəqələrinin mənafelərini ifadə edən dövlət idarəetmə sisteminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Onun qurduğu müstəqil Azərbaycan dövləti dünyanın ən qüdrətli ölkələrinin strateji müttəfiqi kimi regionda cərəyan edən proseslərin mərkəzində dayanır.

Sonra söz Tərtər rayon  İcra Hakimiyyətinın Başçısı Müstəqim Məmmədova verilib. Rayon rəhbəri bildirib ki, məhz Heydər Əliyevin sayəsində Azərbaycan öz müstəqilliyinə nail olmuş, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bilmiş, üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürərək dövlətimizi dünyanın xəritəsindən silinmək təhlükəsindən, xaos və hərc-mərclikdən qurtarmışdır. Böyük düha sahibi Heydər Əliyev öz misilsiz xidmətləri ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli şəxsiyyətinə çevrilmişdir.

1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Hər kəsə yaxşı məlumdur ki, 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və bu, Ulu Öndərin siyasi iradəsinin nəticəsidir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.

Ulu Öndərin doğma Vətənə qayıdışını xalqımız bu gün də qürurla xatırlayır. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini olub.

Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün tarixə Milli qurtuluş günü kimi yazıldı. İyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımıdır. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Bu gün qürurla söyləyə bilərik ki, Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.

Konfransda YAP İdarə Heyətinin üzvü  Asif Əsgərli, Akademik Vaqif Abbasov, Xalq  şairi Vahid Əziz, Xalq artisti Teyyub Aslanov da çıxış ediblər.

Cıxışlarda bir fikir vurğulanıb: Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Nə qədər Azərbaycan dövləti var, Azərbaycan xalqı var Ulu Öndər Heydər Əliyev daim ən ülvi məhəbbətlə, hörmət və ehtiramla yad olunacaq, anılacaq. 

Sonra qonaqlara Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərədindən fəxri fərman və xatirə hədiyələri, YAP rayon təşkilatı tərəfindən isə rayonun sosial-iqtisadi həyatında fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərman və YAP sıralarına yeni qəbul olunmuş partiya  üzvlərinə vəsiqələr təqdim olunub.

Sonda  əslən Tərtərdən olan Azərbaycanın Xalq artisti Teyyub Aslanovun və Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki şəhər və rayonların mədəniyyət işçilərinin iştirakı ilə konsert proqramı təqdim edilib.

Keçidlər