Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli-2023”: Tərtər Olimpiya İdman Kompleksində “Tələbələrin liderlik məktəbi” adlı gənclər düşərgəsi fəaliyyətə başlayıb

02 iyun 2023 | 16:18

“Heydər Əliyev İli”  çərçivəsində  Gənclər və İdman Nazirliyinin və Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Tərtər Olimpiya İdman  Kompleksində “Tələbələrin liderlik məktəbi” adlı  gənclər düşərgəsi fəaliyyətə başlayıb.

Düşərgənin təşkil olunmasında məqsəd həm gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı onlarda vətənpərvərlik ruhunu təbliğ etmək, onları liderlik məktəbi ilə bağlı təlim kurslarına cəlb etməkdir.

Düşərgədə 60 gənc istirahət edir.

İyun ayının 2-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  düşərgədə istirahət edən gəncləri qəbul edib.

Əvvəlcə Mərkəzi Meydanda Ümummilli liderin xatirəsinə ehriram əlaməti olaraq  abidəsi ziyarət  edilib, önünə gül-çiçək dəstələri düzülüb.

Sonra gənclər rayon icra hakimiyyətinin inzibati binasında rayon rəhbəri ilə görüşüblər. İcra başçısı gəncləri salamlayaraq, onlara “xoş gəlmisiniz”,- deyib və onlara Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük  Vətən Müharibəsində  ermənilərin  yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət  müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub.

Rayon rəhbəri gənclərə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda keçirimiş və keçiriləcək tədbirlər barədə də  danışıb. O, Ümummilli liderin müstəqil Azərbaycanın qurucusu, fenomen şəxsiyyət və dövlət başçısı olduğunu, gənclərin onun siyasi fəaliyyətində hələ çox şey öyrənməli olduqlarını vurğulayıb.

Gənclər Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanı özündə əks etdirən fotostendlərə, ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına, Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”na və ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar, Tarix-diyarşunaslıq, Dövlət Rəmzləri muzeylərində olublar.

Gənclər rayon icra hakimiyyətinin inzibati binasında dövlət qulluqçularının iş şəraiti ilə, rayon icra hakimiyyətinin kitabxanası ilə  də tanış olub, xatirə şəkilləri çəkdiriblər.

Keçidlər