“Heydər Əliyev İli-2023”: Tərtər Olimpiya İdman Kompleksində Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş güləş üzrə yarış keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə may ayının 25-də Tərtər Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə güləşin sərbəst, Yunan-Roma və cudo növləri üzrə müxtəlif çəki dərəcələri üzrə yarış keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin, Tərtər rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının, rayonun Təhsil sektorunun, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, "N" hərbi hissənin şəxsi heyəti, ümumtəhsil məktəblərinin hərbi hazırlıq və bədən tərbiyəsi müəllimləri, yuxarı sinif şagirdləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən silsilə tədbirlərdən, Ulu Öndərin hakimiyyəti illərində rayonun sosial–iqtisadi inkişafından, dövlətçiliyimizin qorunub saxlanması istiqamətində Heydər Əliyevin göstərdiyi siyasi fəaliyyətdən, Ulu Öndərin Vətən və millət üçün gördüyü genişmiqyaslı işlərdən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı müstəsna xidmətlərindən danışıb və idmançılara uğurlar diləyib.
N saylı hərbi hissənin idman rəisi, mayor Ayaz İbrahimov “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin rayon icra hakimiyyəti ilə birlikdə keçirdiyi tədbirlərdən söhbət açıb, keçirilən yarış haqqında iştirakçılara və tamaçaçılara məlumat verib.
Yarışın sonunda qaliblərə Tərtər Rayon İcra Hakimiyyətinin və hərbi hissənin fəxri fərmanları təqdim olunub.