“Heydər Əliyev İli -2023” : ”Tarix yazan əbədiyaşar Lider”
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusuna həsr olunmuş “dəyirmi masa” keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, rayonun ağsaqqalları, ziyalıları, KİV –nin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsinə hörmət əlaməti olaraq onun mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında “dəyirmi masa” ətrafında davam etdirilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümummlli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov öz çıxışında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə respublika prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixdə imzaladığı Sərəncamdan, həmin sərəncama əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planının hazırlanmasından, rayonda keçirilən və keçiriləcək tədbirlərdən danışıb.
İcra başçısı bildirib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi yüksək keyfiyyətlərə malik, Vətəninə və millətinə əvəzsiz xidmətləri ilə əbədilik qazanmış Ümummilli Lideri var.
Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı, bütöv bir xalqı böyük məhrumiyyətlərdən qorumağa və onun ən şərəfli tarixini yaratmağa nail olmuş Ümummilli lider Heydər Əliyevin siyasi irsi, ölməz ideyaları, dövlət inkişafı kursu onun vəfatından sonra da yaşadı, uğurla davam etdirildi. Dahi öndərin Fəxri xiyabanda ucaldılmış abidəsi əbədi ziyarətgaha çevrildi.
Heydər Əliyev şəxsiyyəti, irsi hələ tam öyrənilməmiş bir salnamədir. İstər Azərbaycana rəhbərlik etdiyi sovet dönəmində, istər Moskvada SSRİ kimi nəhəng və qüdrətli bir dövlətin ən yuxarı eşalonunda yüksək rəhbər vəzifələrdə işlədiyi vaxtlarda Heydər Əliyev sadə adamlardan tutmuş ən böyük siyasi xadimlərin də etiraf etdiyi kimi əlahiddə və dühası baxımından həmişə seçilib.
Hələ 1988-ci ilin ilk mitinqlərindən başlayaraq, Azərbaycan xalqı üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçini görür və onun yenidən Azərbaycan rəhbərliyinə qayıtmasını arzulayırdı. Lakin xalqın öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxan imperiya Heydər Əliyevin hər vəchlə Azərbaycana qayıtmasına mane olurdu. Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciə törətdiyi ən ağır vaxtda Heydər Əliyev həyatını təhlükə altına ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, burada təşkil olunan etiraz mitinqində bəyanat verdi və 20 yanvar faciəsinə siyasi qiymət verərək, mərkəzin və respublika rəhbərliyinin hüquqazidd əməllərini ifşa etdi.
Tarixin bu məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı ilin iyulunda Bakıya gəldi. O vaxt qardaşı Cəlal Əliyevin evində qalan Heydər Əliyevə qarşı təhdidlər səngimir, onu Bakını tərk etmədiyi təqdirdə istənilən hadisənin baş verə biləcəyi ilə hədələyirdilər. Odur ki, Heydər Əliyev Naxçıvana getmək məcburiyyətində qaldı.
1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən xalqımız çox çətin sınaqlardan keçmiş, qanı bahasına qazandığı müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Məhz belə bir ağır dövrdə 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdaraq, müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü. Bu güclü şəxsiyyətin heç nədən çəkinmədən, öz həyatını belə təhlükəyə ataraq, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, siyasət meydanına atılması xalqı və dövləti qarşısında misilsiz fədakarlığı idi.
Məhz Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub saxlanıldı, atəşkəsə nail olundu, dövlətlə xalqın birliyi təmin edildi, bütün sahələrdə demokratik islahatlara başlanıldı, güclü dövlətin möhkəm təməli qoyuldu.
Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan Xalqı qarşısında müstəsna xidmətləridir.
Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanmaqla sübuta yetirdi.
Ən böyük azərbaycanlı olan Heydər Əliyev Azərbaycanı dağılmaqda olan ölkədən inkişaf edən, tərəqqiyə qoşulan ölkəyə çevirib.
Bu gün Ulu Öndərin siyasi kursu onun ən layiqli davamçısı, böyük qürur hissi ilə Oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyini qeyd etməyə hazırlaşdığımız, onun varisi İlham Əliyev tərəfindən davam etdirilir. Oktyabrın 12-də İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisi Bəyanat səsləndirib və bəyanat deputatlar tərəfindən alqışlarla qarşılanaraq , səsə qoyularaq qəbul edilib.
Bu bir reallıqdır ki, son bir neçə əsrdə Azərbaycan tarixində İlham Əliyev kimi Sərkərdə, Müzəffər Komandan olmayıb. Prezident İlham Əliyev bu baxımdan bənzərsiz rəhbər, əvəzsiz dövlət başçısı, layiqli davamçı, ata vəsiyyətini yerinə yetirməyi bacaran xoşbəxt övladdır. Dövlətimizin başçısı Şuşanı azad etməklə, Qarabağı qaytarmaqla, erməni terrorunu və işğalını torpaqlarımızdan tamamilə silib atmaqla hər bir azərbaycanlının qəlbində qəhrəmanlıq abidəsi ucaldıb.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən xalqı üçün çalışıb, Azərbaycan dövlətinin mənafeyi, milli maraqları üçün gecəsini gündüzünə qatıb, verdiyi bütün vədlərə əməl edib, xalqının etimadını artıqlaması ilə doğruldub. Qurucu, yaradıcı şəxsiyyət olan dövlətimizin başçısı Azərbaycanı demək olar yenidən qurub, tamamilə müasir dövlət yaradıb, ölkəmizi inkişaf etdirib, şəhərlərimizin, kəndlərimizin simasını dəyişib. Eyni zamanda, Azərbaycan bölgədə söz və güc sahibinə çevrilib. Azərbaycan Prezidenti ölkəsini 20 il ərzində elə bir zirvəyə qaldırıb ki, dünyanın harasından baxsan, hansı qüdrətli ölkə ilə müqayisə etsən, bu uğurlara heyrətlənməmək mümkün deyil.
“Dəyirmi masa”da YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, şəhid atası Bəhruz İsgəndərov, YAP veteranı Zakir Bağırov, rayon ağsaqqalları Azad Abbasov, Zabil Paşayev, Məzahir Quliyev, Həmid Mehtiyev, İmran Məmmədov, Adil Əhmədov, Məhəmməd Şirinov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi yazıldı. Qürur verici haldır ki, Ulu Öndərin memarı və qurucusu olduğu, hazırda böyük yüksəliş dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirir.