Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili – 2023”: Milli Məclisin deputatlarının iştirakı ilə rayon icra hakimiyyətində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib

24 aprel 2023 | 15:29

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Umummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon icra hakimiyyətində Milli Məclisin deputatlarının iştirakı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatları Rasim Musabəyov, Musa Qasımlı, Elman Nəsirov, Sahib Alıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, təhsil, səhiyyə, mədəniyyət işçiləri də iştirak ediblər.

Konfrans  iştirakçıları öncə  Umummilli Liderin abidəsini və şəhidlər abidə kompleksini ziyarət edib, xatirələrinə ehtiram əlaməti olaraq  abidələrin önünə gül dəstələri düzüblər.

Deputatlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar. Şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”nda  ağac əkiblər. Sonra rayonun  infrastrukturu ilə tanış olublar. Rayon rəhbəri onları 44 günlük Vətən müharibəsində rayonun mülkü müdafiə qərargahının yerləşdiyi zirzəmi ilə tanış edib və onlara müharibə dövründə rayona dəymiş ziyanla bağlı məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşmüş, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət  müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub.

Sonra konfrans iştirakçıları 44 günlük Vətən Müharibəsində ermənilərin atdığı “Smerç” tipli raket nəticəsində şəhərin Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun dağılmış evinin yerində yaradılmış ev muzeyində olublar, rayon rəhbəri onlara erməni vəhşiliyinin sübutu kimi rayonda  mülkü insanlara qarşı törədilən terror aktları barədə məlumat verib.

Rayon Mədəniyyət Mərkəzi tərəfindən Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə təşkil edilmiş kitab sərgisinə baxdıqdan sonra konfrans öz işinə başlayıb.

Öncə Ulu Öndərin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra rayon icra hakimiyyətinin Mədəniyyət Mərkəzi ilə birgə Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə hazırladıqları “Ulu Öndər tərtərlilərin yaddaşında” filminin təqdimatı olub.

Ulu Öndərə həsr olunmuş film izlənildikdən sonra  Rayon icra hakimiyyətinin başçısı  Müstəqim Məmmədov qonaqları salamlayaraq, “Qəhrəman Tərtərə  xoş gəlmisiniz,”- deyib. Rayon rəhbəri Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı rayonda keçirilən silsilə tədbirlər barədə məlumat verib. Bildirib ki, müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider hakimiyyəti dövründə  ölkəmizdə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik işlər görüb. O, Azərbaycan xalqının və dövlətinin xilaskarıdır.

İcra başçısı Ulu Öndərin hakimiyyəti dövründə rayonda görülən işlərdən də danıçıb. Qeyd edibki ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib. Ümummilli Lider deyirdi: “Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər  insanların  yaşadığı bir diyardır. “Ulu Öndərin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən sonra rayonumuzun ictimai-siyasi və iqtisadi həyatında böyük dəyişikliklər olub. Həmin illərdə Tərtər 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesini dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət bir qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikilib, əhalinin mənzilə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyətyanı torpaq sahəsi verilib. Bundan başqa, rayonda 2000-ə yaxın işçi qüvvəsi olan Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıqtəmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan Şirə zavodu, Süd emalı zavodu, Yol tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider dəfələrlə Tərtərdə olub, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib. Sərsəng su anbarının tikintisi ilə maraqlanıb və onun səyi nəticəsində inşası 5 ilə nəzərdə tutulmuş layihə cəmi bir il ərzində icra olunub. Ulu Öndərin diqqət və qayğısı ilə Tərtər rayonu inkişaf edib, gözəlləşib.

Sonra Milli Məclisin deputatları politoloq Rasim Musabəyov “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti”, “Şöhrət” ordenli Musa Qasımlı “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, Elman Nəsirov “Heydər Əliyevin energetika siyasəti” və politoloq Sahib Alıyev “Heydər Əliyev və Türk dünyası” mövzularında çıxış ediblər.

Çıxışlarda  Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Qeyd olunub ki, məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ili milli intibah dövrü kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələ ilə (1969-1982-ci və 1993-2003-cü illər) xarakterizə olunsa da, əslində hər iki mərhələdə həyatımızın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı.

Çıxışlarda o da vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Möhtərəm  Prezidentimiz  cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarmış, dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevirmişdir. Bu gün Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən, mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya birliyi tərəfindən qəbul olunur. Ölkəmiz gündən-günə güclənərək və inkişaf edərək yeni çağırışlara cavab verməklə mətin addımlarla irəliləyir.

Konfransın sonunda  qonaqlara rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

 

Keçidlər