“Heydər Əliyev İli -2023”: “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda “dəyirmi masa” keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, rayon qeydiyyat şöbəsinin müdiri Züleyxa Mustafayeva, Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin rayon şöbəsinin sədri Çingiz İsayev, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İçtimai Birliyinin rayon filialının sədri Suliddin Yusifov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Reyst Xidmətinin rayon üzrə nümayəndəsi Şahləddin Əliyev, Kommunal Müəssisələr Xidməti İdarəsinin mühasibi Nəcibə Həsənova, Əmlak Məsələləri Üzrə Dövlət Xidmətinin Bərdə Ərazi Xidmətinin nümayəndəsi Alı Mirzəyev və Dövlət İdarələri və İçtimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon komitəsinin sədri Fəxrəddin Binnətov iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Ekskursiyadan sonra tədbir YAP rayon təşkilatının inzibati binasında “dəyimi masa” ətrafında davam edib.
Tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblib.
“Dəyirmi masa”da iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev rayonda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, Azərbaycan xalqı üçün xoşbəxtliyin belə yüksək zirvəsinin fəthi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət etmiş, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışmış, mümkün olan hər seyi etmişdir. Heydər Əliyev azərbaycanlı olduğu ilə həmişə fəxr edirdi. Azərbaycan xalqı bütün dünyanın qibtə edəcəyi Heydər Əliyev kimi rəhbəri, Ümummilli lideri olduğu üçün xoşbəxtdir. İndi də ona görə xoşbəxtdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursa onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən möhkəm və sarsılmaz təminat yaradılmışdı.
“Dəyirmi masa”da YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, rayon qeydiyyat şöbəsinin müdiri Züleyxa Mustafayeva, Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin rayon şöbəsinin sədri Çingiz İsayev, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İçtimai Birliyinin rayon filialının sədri Suliddin Yusifov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Reyst Xidmətinin rayon üzrə nümayəndəsi Şahləddin Əliyev, Kommunal Müəssisələr Xidməti idarəsinin mühasibi Nəcibə Həsənova çıxış ediblər. Çıxışçılar qeyd ediblər ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir.
Qeyd edilib ki, dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. Ümummilli Lider Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsasları yaradılıb, respublikamız dünya məkanında öz layiqli yerini tutub.