Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli - 2023”: “Heydər Əliyev Azərbaycanda ədliyyə və məhkəmə-hüquq islahatlarının müəllifidir”

22 noyabr 2023 | 11:57

“Heydər Əliyev İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 noyabr-Ədliyyə İşçilərinin Peşə Bayramı və 105 illik yubleyi münasibəti ilə “Heydər Əliyev Azərbaycanda ədliyyə və məhkəmə-hüquq islahatlarının müəllifidir” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ədliyyə işçiləri iştirak ediblər.

Tədbirdən öncə Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, həyat və fəaliyyətini əks etdirən eksponatlara baxılıb.

“Dəyirmi masa” ətrafında toplaşan tədbir iştirakçıları öncə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ədliyyə işçilərini   Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və 22 noyabr peşə bayramları münasibəti ilə təbrik edib, onlara  uzun ömür, can sağlığı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında əhaliyə göstərilən hüquqi yardımın, məhkəmə orqanlarına təşkilatı rəhbərliyin, məhkəmə ekspertizialarının yüksək səviyyədə təmini və inkişafı yolunda müvəffəqiyyətlər arzulayıb.

Rayon rəhbəri bildirib ki, ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, dövlətimizə və xalqımıza şərəflə xidmət edən, hüquq-mühafizə orqanı statusu olan Ədliyyə Nazirliyinin formalaşdırılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunub və bundan sonra dayanıqlı fəaliyyəti təmin edilib. Müstəqillikdən sonra da Azərbaycan ədliyyəsinin inkişafı dahi öndərin daim diqqət mərkəzində olub. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə nüfuzu artıb.

Ulu Öndərin ədliyyə sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2000-ci il 11 noyabr tarixli Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Heydər Əliyevin hakimiyyətdə olduğu bütün illərdə bir prinsipi olub: vətəndaş öz dövlətindən yalnız haqqı və ədaləti gözləməlidir.

Müstəqillikdən sonrakı illərdə də Heydər Əliyev mütəmadi olaraq, haqq, ədalət ideyalarının dövlətçiliyimiz və xalqımız üçün nə dərəcədə əhəmiyyətli olduğunu öz nitqlərində mütəmadi olaraq dilə gətirib. Məsələn, 1995-ci il avqustun 4-də respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə çıxış edərkən Ümummilli Lider vurğulayıb ki, “Heç bir cinayətkar cəzasız qalmayacaq, qaçıb canını qurtara bilməyəcəkdir. Cinayətkarlar gec-tez yaxalanacaq və haqq-ədalət məhkəməsi qarşısında duracaqlar. Bu mənada mən, cinayətkarların hüquq-mühafizə orqanları tərəfindən tapılmasını ictimai-siyasi həyatımızda böyük nailiyyət, hadisə kimi qiymətləndirirəm. Xalq da, ədalət də, görünür ki, Allah da haqqın, ədalətin tərəfindədir”. Qanunun aliliyindən bəhs edərkən, Ümummilli Liderin ölkənin Əsas Qanunun – Konstitusiyasının ərsəyə gəlməsindəki rolunu qeyd etməmək mümkün deyil. Məlum olduğu kimi, 1995-ci il noyabrın 12-də referendum yolu ilə məhz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası onun bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilib.

Heydər Əliyev tərəfindən əfvetmə institutu bərpa edilməklə, vətəndaşların dövlətə, onun rəhbərinə güvəni, ümid və etimadı artıb.

“Dəyirmi masa”da Tərtər Rayon Məhkəməsinin sədri Tahir Qubadov, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev, Tərtər Rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, Tərtər Rayon prokuroru Əli Qurbanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Anar Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev, Tərtər Hərbi prokuroru Emin Vəliyev, Tərtər Rayon İcra və Probarsiya şöbəsinin rəisi vəzifəsini icra edən Cahangir Alıyev, Tərtər Rayon Xüsusi Notariat Ofisinin xüsusi notariusu Şəhriyar Əliyev və Tərtər Rayon Qeydiyyat Şöbəsinin rəisi Züleyxa Mustafayeva çıxış ediblər. Cıxışlarda qeyd olunub ki, Azərbaycanda köklü məhkəmə-hüquq islahatlarının aparılmasının zəruriliyini nəzərə alan Ümummilli Liderin təşəbbüsü ilə hələ 1997-ci ildə ən qabaqcıl dövlətlərin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” yeni Qanun qəbul olunub, 1998-ci ildə isə məhkəmə islahatlarına dair proqram xarakterli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Fərman imzalanıb. Ümummilli Liderin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində 2000-ci ildən etibarən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlayıb.

Bu islahatların xronologiyasında daha bir mühüm hadisə kimi Heydər Əliyevin 1999-cu ildə imzaladığı “Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” Fərmanı göstərmək olar. “Azərbaycan Respublikası məhkəmələrinin təşkili və fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanı ilə isə Azərbaycan Respublikasında bir sıra yeni məhkəmələr -Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi, eləcə də, Hərbi Dəniz Qüvvələri hərbi məhkəməsinin əsasında Sumqayıt hərbi məhkəməsi, o cümlədən Azərbaycan Respublikasının yerli iqtisad məhkəmələri təşkil edilib, həmçinin bir sıra digər əhəmiyyətli məsələ də öz həllini tapıb.

Bu gün uğurla aparılan məhkəmə-hüquq islahatlarında Heydər Əliyevin dəst-xətinin mövcudluğu, onun hüquqi ideyalarına sadiqlik danılmazdır.

Ulu Öndərin Ədliyyə orqanları ilə bağlı apardığı islahatlar  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Onun “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi” və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il tarixli Fərmanı bunu bir daha təsdiq edir.

Tədbirdə bir qurup ədliyyə işçisi rayon icra hakimiyyəti tərəfindən  fəxri fərmanla  təltif edilib və xatirə şəkilləri çəkilib.

Keçidlər