Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli -2023”: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!”

14 aprel 2023 | 17:44

Tərtər Rayon İcra Hakimiyyəti  YAP rayon təşkilatı və rayonda fəaliyyət göstərən “Zəfər” hazırlıq kusunun kollektivi ilə birlikdə Ümummmilli Liderin 100 illik  yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda “dəyirmi masa” keçirib.

Öncə tədbir iştirakçıları Ümummilli Liderin xatirəsinə ehtiram əlaməti olaraq  abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib.

Əvvəlcə Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla  yad edilib.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin əməkdaşı Svetlana Əzizova  tədbir iştirakçılarına  “Heydər Əliyev İli” ilə bağlı rayonda keçirilən silsilə tədbirlər haqqında məlumat verib. Bildirib ki, Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin ən gərgin və mürəkkəb illərində taleyin hökmü  və xalqın təkidli tələbi ilə  hakimiyyətə gəldi, xalqın müdrikliyinə arxalandı, təhlükənin genişlənməsinə imkan vermədi, möhkəm iradəsi və düzgün qərarları ilə Azərbaycan xalqını bəlalardan, dövlətimizi parçalanmaq, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, eləcə də ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı, dövlət müstəqilliyi qorunub saxlanıldı.

“Dəyirmi masa”da iştirak edən YAP rayon təşkilatının məsləhətçisi Əli Paşayev, ”Zəfər” hazırlıq kursunun rəhbəri Rəşad Qarayev, müəllimlərdən Elnur İsmayılov, kursda təhsil alan şagirdlərdən Həqiqət Novruzova, Anar Əhmədov, Günel Həsənli və Rəsul Balacayev çıxış edərək Heydər Əliyevin Hakimiyyəti illərində bütün sahələrdə aparılan islahatlardan, təhsilə göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən, qalib sərkərdə, ali baş komandan cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir. 

Keçidlər