“Heydər Əliyev İli – 2023”: “Aqrar islahatda Heydər Əliyev irsi” mövzusunda “dəyirmi masa” keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Aqrar islahatda Heydər Əliyev irsi” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev Ulu Öndərin hakimiyyəti illərində aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, qeyd etmişdir ki, Ümummilli Lİderin hələ birinci hakimiyyəti dövründə rayonumuzda pambıqçılıq sürətlə inkişaf etmiş, Tərtərdə onlarla əmək qəhrəmanları yetişmişdir. Ulu Öndərin birbaşa pambıq tarlalarında onlarla görüşü, rayonlarda bartoplama aylığı ilə bağlı keçirdiyi müşavirələr kənd əməkçilərini daha yaxşı işləməyə ruhlandırmışdır.
Həmin illərdə Tərtər 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesini dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət bir qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikilib, əhalinin mənzilə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyətyanı torpaq sahəsi verilib. Bundan başqa, rayonda 2000-ə yaxın işçi qüvvəsi olan Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıqtəmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan Şirə zavodu, Süd emalı zavodu, Yol tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider dəfələrlə Tərtərdə olub, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, Sərsəng su anbarının tikintisi ilə maraqlanıb, kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib. Ulu Öndərin diqqət və qayğısı ilə Tərtər rayonu inkişaf edib, gözəlləşib.
“Dəyirmi masa”da YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, mərkəzin sektor müdiri Tural Həsənov, aparıcı- məsləhətçi Turan Məhərrəmli də çıxış ediblər. Çıxışlarda 1994-cü ilin sentyabr ayında keçirdiyi müşavirədə Ulu Öndər Heydər Əliyevin dediyi sözlər yada salınıb: "Kənd təsərrüfatı sahəsində gələcək inkişafımız yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Gecikmək olmaz. Bu mənim üçün əsas prinsipdir. Mən bu prinsipdən geri çəkilməyəcəyəm. Kim müqavimət göstərmək, yaxud mühafizəkarlıq etmək istəyirsə, biz onlara yol verməyəcəyik".
Bildirilib ki, Heydər Əliyev keçirdiyi görüşlərdə və müşavirələrdə dəfələrlə qeyd edirdi ki, ölkəmizdə həyata keçiriləcək aqrar islahatlar öncə Azərbaycan xalqının milli mənafeyinə xidmət etməli, maraqlı tərəflər üçün ağrısız aparılmalı və ədalət prinsipinə əsaslanmalıdır. Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə hazırlanan, geniş və hərtərəfli müzakirə edilən "Aqrar islahatın əsasları haqqında" və "Sovxoz və kolxozların islahatı haqqında" qanun layihələri 1995-ci ildə, "Torpaq islahatı haqqında" qanun layihəsi isə 1996-cı ildə qəbul edildi. Bununla da 1996-cı ildən başlayaraq ölkədə MDB məkanında analoqu olmayan aqrar islahatlar başlandı. Vahid torpaq fondunun 57 faizi dövlət mülkiyyətində qalmaqla 20 faizi bələdiyyə mülkiyyətinə və 23 faizi xüsusi mülkiyyətə verildi. Xüsusi mülkiyyətə əsasən ən qiymətli torpaqlar, yəni əkin və çoxillik əkmələr altında olan torpaqlar verildi ki, bu da aqrar sahədə sahibkarlığın inkişafına öz müsbət təsirini göstərdi.
Aqrar silahatların aparılması və Heydər Əliyevin həyata keçirdiyi təşkilati, siyasi və digər tədbirlər tezliklə öz bəhrəsini verməyə başladı və aqrar sahədə dönüş yaranmasına səbəb oldu. 1996-cı ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalında 1991-ci ildən davam edən tənəzzülə son qoyuldu və ildən ilə artım əldə edildi. Onu da qeyd etmək lazımdır ki, həmin vaxtdan ötən 14-15 il ərzində keçmiş ittifaq respublikaları olmuş müstəqil dövlətlərdən fərqli olaraq Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmində heç vaxt azalma olmamışdır. Ölkəmiz artıq 1990-cı ilin səviyyəsini arxada qoymuş, heyvandarlıq və bitkiçilik sahəsində rekord nəticələr əldə etmişdir. Hazırda Azərbaycan əhalinin bir çox ərzaq məhsullarına, o cümlədən ət, kartof, tərəvəz, meyvə və digər məhsullara olan tələbatını yerli istehsal hesabına tam ödəyir. Başqa məhsullar üzrə isə xarici ölkələrdən asılılıq minimuma enib. Bu nailiyyətlər ümummilli lider Heydər Əliyevin uzaqgörən aqrar islahatlar siyasətinin uğurla həyata keçirilməsi və onun Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirilməsi sayəsində mümkün olmuşdur.