Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli-2023”: “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”dür

13 iyul 2023 | 11:57

”Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatının təşkilatçılığı və dövlət qulluqçularının iştirakı  ilə Ümummilli Lider Heydər Əliyevin Hakimiyyətə gəlişi ilə bağlı: “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda “dəyirmi masa” keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin xatirəsinə hörmət əlaməti olaraq  abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib. Öncə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər Peşə Məktəbinin direktoru Əli Babayev və digər çıxış edənlər Ümummilli Liderin birinci və ikinci dəfə hakimiyyətə gəlişindən sonra respublikamızın ictimai-siyasi, iqtisadi və sosial həyatında baş verən dəyişikliklərdən, həlledici məqamlardan danışıblar. Qeyd olunub ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri vardır.

1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdir. Ulu öndərin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikamızda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır.

Heydər Əliyev Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən tikilməsinə nail olmuşdur. Bununla yanaşı, 70-ci illərdə Bakıda, Naxçıvanda, Xankəndində, Gəncədə, Mingəçevirdə, Lənkəranda bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilmişdir. 1970-1982-ci illərdə Azərbaycandakı fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki illərdə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılmış, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanmışdı.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızda milli kadrların yetişdirilmişdir. SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti bu gün ölkəmizin inkişafı üçün müxtəlif sahələrdə fəaliyyət göstərirlər.

Dahi və uzaqgörən şəxsiyyətin həmin dövrdə həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də respublikada milli hərbçi kadrların yetişdirilməsi istiqamətində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması idi. Təsadüfi deyil ki, Ümummilli Liderin həmin dövrlərdə başladığı hərbi quruculuq prosesi 20 il sonra müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin hərbçi kadrlarla təminatında böyük rol oynamışdır.

1993-cü ilin yayında ölkəmiz milli dövlətçiliyimizin ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşəndə ulu öndər Heydər Əliyev yenidən xalqın təkidli tələbi ilə Bakıya qayıtmış və ali hakimiyyətə bu Qayıdış Vətənin xilası, xalqın Qurtuluş tarixinə çevrilmişdir. Qısa müddət sonra Azərbaycan yenidən quruculuq yoluna geri dönmüş, torpaqlarımızın işğalının qarşısı alınmış, milli ordu yaradılmış, ölkədə sabitlik təmin olunmuşdur. Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın təbii sərvəti olan neftin xarici bazarlara çıxarılması üçün “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkə­yə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olmuşdur. Bir sözlə, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olmuşdur. Bu güc Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkəmizi daha da inkişaf etdirməyə, dünyada böyük nüfuz qazanmasına imkan vermişdir. Hərbi və iqtisadi baxımdan Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan ötən il erməni işğalı altında olan torpaqlarımızın azad olunması üçün illərdir, beynəlxalq qurumların həll edə bilmədiyi problemi təkbaşına həll edərək öz gücünü bir daha bütün dünyaya sübut etdi. Belə ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu diz üstə çökdürərək onu təslimçilik aktını imzalamağa məcbur etdi. Zaman Ulu Öndərin “…İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlərində nə qədər haqlı olduğunu bir daha göstərdi. Azərbaycanın 30 ilə yaxındır, işğal altında olan torpaqlarını qısa müddətdə azad etməklə “Ata vəsiyyətini” yerinə yetirən cənab İlham Əliyev, elə Ulu Öndərin Qalib Azərbaycanda ilk doğum gününü də onun doğulub boya-başa çatdığı Naxçıvanda qeyd etməklə bu Zəfərin dahi şəxsiyyət üçün nə qədər böyük mahiyyət daşıdığını ortaya qoydu.

1969-cu ildən bu günədək yarım əsrdən çox vaxt keçir. Azərbaycanın dövlətçilik tarixində qazanılmış ən böyük uğurlar məhz bu dövrdə olub. Bu isə o deməkdir ki, Azərbaycanın bir dövlət kimi mövcudiyyəti, inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Buna görə də ölkəmizdə Heydər Əliyev siyasi yolu davam etdirildikcə, Azərbaycan da inkişaf edəcək, daha da güclənəcək!

Keçidlər