Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli - 2023”: “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda “dəyirmi masa” keçirilib

10 iyul 2023 | 15:28

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyəti, YAP payon təşkilatı və rayon təhsil sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Hakimiyyətə gəlişi-14 iyul 1969-cu il tarixi ilə bağlı: “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa” keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin xatirəsinə hörmət əlaməti olaraq  abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib. Öncə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev açaraq Ümummilli Liderin hakimiyyətə gəldiyi ildən, həmin dövrdə Azərbaycanda olan ictimai-siyasi durumdan, Ulu Öndərin siyasi fəaliyyətindən, Azərbaycanı geridə qalmış bir ölkədən  güclü iqtisadiyyatı olan bir ölkəyə cevirməsindən danışıb. Qeyd edib  ki, 1969-1982-ci illərdə Azərbaycan, sözün həqiqi mənasında, nəhəng tikinti meydanını xatırladırdı. Həmin illərdə şəhər və rayonlarda böyük sənaye-istehsal kompleksləri, fabrik və zavodlar, səhiyyə və mədəniyyət müəssisələri, məktəblər, inzibati binalar, saysız-hesabsız yaşayış evləri, yollar, parklar, mehmanxanalar, iri şərab və konserv zavodları, çay, tütün fabrikləri tikildi. Beləliklə, 1972-ci ildə Azərbaycan inkişaf sürətinə görə SSRİ-də ən qabaqcıl respublikaya çevrildi. Bu inkişaf elm-təhsil sahəsində də özünü göstərdi. Təsadüfi deyil ki, ölkənin qabaqcıl ali məktəblərinin bir çoxunun bünövrəsi məhz həmin illərdə qoyulub. Qeyd edilib ki, 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən 3 dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdırılmışdı. Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı isə 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minədək artmışdı. 1970-80-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verilmişdi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi. Bu sahədə həyata keçirilən tədbirlər məktəblərdə növbəlilik üzrə göstəricilərin yaxşılaşdırılmasına güclü təkan vermiş, şagirdlərin ikinci növbədə oxuma göstəricisi 1970-ci ildəki 40,2 faizdən 1980-ci ildə 28,1 faizə enmişdi. Eyni zamanda, Azərbaycan gənclərinin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarına imkan yaradıldı. Bu gün ölkəmizdə ayrı-ayrı sahələrdə davamlı inkişafa töhfə verən şəxslərin böyük əksəriyyəti həmin kateqoriyadan olan insanlardır. Heç kəsə sirr deyil ki, ölkəmizin müstəqilliyi və bugünkü möhkəm təməli ümummilli lider Heydər Əliyev tərəfindən həmin illərdə yaradılan potensiala əsaslanır. Məhz buna görə Ulu Öndərin siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixi kimi səciyyələndirilir.

Sonra “dəyirmi masa” da YAP rayon təşkilatının nümayəndəsi Əli Paşayev, Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov, Borsunlu kənd tam orta məktəbinin direktoru Ramin Məhərrəmov, Umudlu kənd orta məktəbinin direktoru  Könül Zeynalova, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva və şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Amil Şirinov çıxış ediblər. Çıxışçılar Azərbaycanın müasir tarixinin Heydər Əliyevin adı ilə bağlı olduğunu, buna tariximizin dönüş nöqtəsinin deyə biləcəyimizi bildiriblər.Qeyd olunub ki,  Heydər Əliyev strategiyası əsasında Azərbaycan uzun illər öz yüksəlişini təmin edəcək, daha da qüdrətlənəcək, möhkəmlənəcək.

Keçidlər