Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev ili: "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda “dəyirmi masa” keçirilib

20 yanvar 2023 | 14:15

Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən rayonda silsilə tədbirlər keçirilir. Həmin tədbirlər çərçivəsində yanvarın 20-də "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda  “dəyirmi masa” keçirilib.

      Tədbir iştirakçıları əvvəlcə Umummilli Liderin xatirəsinə  hörmət və ehtiram əlaməti olaraq onun adını daşıyan meydanda yerləşən abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

     Tədbir  “Dəyirmi masa” ətrafında Heydər Əliyev Mərkəzində davam etdirilib,  Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, 1990-cı il yanvar ayının 20-si xalqımızın tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. O zamankı ictimai-siyasi proseslərin inkişafı nəticə etibarilə bir çox xalqların tarixinə faciəli səhifələr bəxş etdi. Ancaq ən ağır fəlakət Azərbaycan xalqının bəxtinə düşdü.

    İcra başçısı o vaxtkı içtimai- siyasi hadisələrdən, həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ə.Vəzirovun fəaliyyətsizliyindən,  faciənin baş verəcəyi haqqında əvvəlcədən məlumatı olan xəyanətkar rəhbərlərin xalqı xəbərdar etməməsindən  də  danışıb. Qeyd olunub ki, yanvar ayının 19-dan 20-nə keçən gecə rus-erməni ordu birləşmələri imperiya hərb maşınının ən yüksək texnika ilə təchiz olunmuş halda Bakıya daxil oldular və amansız qırğın törətdilər. Artıq faciə ilə üzbəüz dayandığını başa düşən Azərbaycan xalqı geri çəkilmədi. Bu da bəşər tarixində yeni bir qəhrəmanlıq nümunəsi oldu. Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi.

 21 yanvar 1990-cı ildə Heydər Əliyev Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi.

 Rayon rəhbəri  o zaman Ulu  Öndərin  verdiyi bəyanat və başsaglıgını bir daha nəzərə çatdırıb.Bildirib ki,görkəmli dövlət xadimi Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixində Azərbaycan Respublikasının Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək, qanlı 20 Yanvar hadisəsi ilə əlaqədar xüsusi bəyanatla çıxış etməsi bir neçə cəhətdən zəruri və əhəmiyyətli olan siyasi-tarixi hadisə idi. Əvvəla, beynəlxalq aləmdə böyük nüfuza malik olan Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gedərək burada səsləndirdiyi bəyanat 20 Yanvar faciəsi haqqında obyektiv reallığın dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılmış ən ciddi addım idi. İkincisi, Ulu Öndər Heydər Əliyevin Moskvadan yayılan bəyanatı Azərbaycanın zor gücünə salındığı informasiya blokadasının yarılması, dağıdılması baxımından həmin dövr üçün misilsiz əhəmiyyətə malik hadisədir. Üçüncüsü və ən mühümü də ondan ibarətdir ki, SSRİ rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun birbaşa tapşırığı ilə Bakıda həyata keçirilmiş qanlı 20 Yanvar hadisəsinə ilk dəfə olaraq Heydər Əliyev kimi böyük dövlət xadimi səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir. Dördüncüsü, SSRİ rəhbərliyindən istefaya göndərildikdən sonra atdığı hər addıma nəzarət edilən, təqib olunan Heydər Əliyev Moskva Bəyanatı ilə həmişə olduğu kimi, ən çətin məqamlarda da doğma Azərbaycan xalqı ilə bir yerdə olduğunu, xalqımızın azadlıq mücadiləsinə haqq qazandırdığını və dəstək verdiyini açıq şəkildə nümayiş etdirmişdi.

 Heydər Əliyevin 20 Yanvar faciəsi ilə əlaqədar Moskvadan Bakıya göndərilmiş  teleqramı bu böyük terror hadisəsinə və onun təşkilatçılarına ünvanlanmış ittiham aktı, milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizənin ilk manifestidir.

Bu aksiyanın ardınca, Heydər Əliyevin heç bir hədə-qorxu və təxribatlardan qorxmayaraq, 1990-cı il iyulun 20-də Vətənə qayıtması,kommunist partiyasının üzvlüyündən imtina eləməsi Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının, başqa sözlə, sistemli milli azadlıq hərəkatının başlanmasına ciddi təkan oldu.

Ayaz Mütəllibov hökuməti Heydər Əliyevə Bakıda yaşamaq imkanı vermədiyi üçün 1990-cı il iyulun 22-də, yəni Moskvadan qayıtdıqdan iki gün sonra o, paytaxtı tərk edərək doğulduğu Naxçıvana üz tutmağa məcbur oldu. Az sonra – 1990-cı ilin avqust ayında qədirbilən Naxçıvan əhalisinin kütləvi dəstəyi ilə Heydər Əliyev həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinə deputat seçildi.

 Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı bəyan etdi ki, İttifaq dövləti 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz etmişdir. Milli azadlıq hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin, görkəmli siyasət və dövlət adamının dayanması Azərbaycan cəmiyyətində qısa zaman kəsiyində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu. Əhalinin bütün təbəqələri, xüsusilə də mütərəqqi dünyagörüşlü ziyalılar, hətta ciddi təqibə məruz qalmış AXC fəalları Heydər Əliyevin ətrafında oldular.

    Məlum hadisələrdən sonra Ümummilli lider Heydər Əliyev xalqın arzusu və tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etməyə qayıtdıqdan cəmi bir neçə ay sonra, 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında çıxış edən Ulu Öndər Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq, bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. 1994-cü il yanvar ayının 5-də ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim olunan 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi haqqında sənəd həmin ilin mart ayında Prezidentin özü tərəfindən təsdiqlənərək, Azərbaycan xalqının öz haqqını tələb edə bildiyini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacardığını bir daha sübut etmiş oldu. 1994-cü il mart ayının 29-da ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

16 dekabr 1999-cu il tarixdə Azərbaycan Prezidenti Heydər Əliyev 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında fərman imzalayaraq bu günün xatirəsinə dövlət səviyyəsində lazımi hazırlıq və mərasimlərin keçirilməsi barədə göstəriş vermişdir. 20 Yanvar qətliamı hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir və dövlət səviyyəsində tədbirlər keçirilir. Şəhidlərin dəfn edildiyi Şəhidlər Xiyabanı dövlətin yüksək səviyyəli rəsmi şəxsləri və xalq tərəfindən ziyarət edilir. Sovet ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir.

 Sonra mövzu ilə baglı rayon prokuroru  Əli Qurbanov, YAP Tərtər Rayon Təşkilatının sədri  Eldar Əsədov, şəhər 5 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini Sərxan Yusifzadə, tarix müəllimi  Nigar  Vəliyeva çıxış ediblər. Çıxışlarda bir fikir vurğulanıb :Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi olan 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması Ulu Öndərin adı ilə baglıdır.Bu, tarixi reallıqır və  böyük önəm kəsb edir.

Tədbir iştirakçıları sonda Ulu Öndərin 21 yanvar 1990-cı il tarixdə Moskva nümayəndəliyində  20 yanvar faciəsi ilə bağlı bəyanatına həsr olunmuş filmi izləyiblər.

Keçidlər