Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev 99: “Sən elə bir zirvəsən...”

06 may 2022 | 17:36

Tərtər Rayon Təhsil Şöbəsinin və Tərtər Uşaq Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə Tərtər rayonunda Ümummilli Liderin 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı təntənəli yığıncaq keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon təhsil şöbəsinin nümayəndələri, tərtərli Vətən Müharibəsi qəhrəmanı Azər Abdullazadə, veteranlar, qazilər, Bakı şəhər 2 saylı, Sumqayıt şəhər 1 saylı, Tərtər, Ağdam, Goranboy Uşaq Yaradıcılıq Mərkəzlərinin kollektivləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir Tərtər Mədəniyyət Mərkəzinin zalında davam edib.

Öncə vətən uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra dövlət himni səslənib.

Tərtər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Məmmədova tədbiri açaraq qonaqlara “Xoş gəlmisiniz” – deyib. Tədbir iştirakçıları Ulu Öndərin  həyat və fəaliyyətinə həsr olunmuş video-çarxı izləyiblər. Sonra söz Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinə verilib. Onlar bədii qiraət, milli rəqs, musiqi ifaları ilə çıxış ediblər.

Qonaqlar Tərtər Uşaq Gənclər İnkişaf Mərkəzinə xatirə hədiyyələri təqdim ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Tərtər rayonunun sosial-iqtisadi inkişafından, vətən müharibəsində tərtərlilərin göstərdiyi vətənpərvərlikdən, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq tədbiri yekunlaşdırıb.

İcra başçısı tədbirdən sonra qonaqları rayon icra hakimiyyətində qəbul edib, tədbirdə iştirak edən kollektivlərə təşəkkürnamə təqdim edib.

 

Keçidlər