Hacıqərvənd kənd tam orta məktəbində Tərtər Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin təşkilatçılığı ilə peşəyönümü ilə bağlı təlim keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin təşkilatçılığı ilə rayonun Hacıqərvənd kənd tam orta məktəbində yuxarı sinif şagirdləri üçün peşəyönümü məsləhət təlimi keçirilib. Təlimdə 56 nəfər məktəbli iştirak edib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Sitarə Xəlilova açaraq sözü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin böyük mütəxəsisi-karyera məsləhətçisi Fəxrəddin Rzayevə verib. O, şagirdlərə düzgün peşə seçmək üçün nələrə diqqət edilməsi, işəgötürənlər tərəfindən tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verib.
Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Svetlana Əzizova, rayon təhsil sektorunun metodisti Kifayət Mürsəlova peşə seçimi ilə bağlı şagirdlərə tövsiyyələr veriblər. Qeyd olunub ki, texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə məcburiyyət kimi qarşıya qoyur. Bu inkişaf gənclərin peşə seçimi imkanlarının artmasına səbəb olub. İnsan öz maraq və qabiliyyətlərini tanıması, peşələri dərk etməsi və özünə uyğun olanını seçməsi üçün peşəkar yardım xidmətinə müraciət etməlidir. Lakin getdikcə mürəkkəbləşən sosial həyatda böyüyən gənclərin peşələri görüb yaşayaraq tanımasına çox da imkan qalmayıb. Ona görə də gənclərə peşə imkanlarını tanıtmaq üçün ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsindən başlayaraq peşəyönümü işinin sistemli təşkili son dərəcə vacibdir.
Orta məktəb şagirdlərinin yeniyetməlik dövründə verdikləri qərarları daim dəyişmək meyili onların hansı peşəni seçəcəkləri ilə bağlı qərarlarına da təsir edir. Onlar peşə seçimi üzrə verəcəkləri səhv qərarların həyatlarına necə təsir edəcəyinə dair real proqnozlar formalaşdırmaqda problem yaşayırlar. Bu səbəbdən də gənclərin peşəyönümlülüyünə uyğun maarifləndirici bələdçilik xidmətlərinə ehtiyacının artdığı görünür. Bu məqsədlə ibtidai sinifdən başlayaraq uşaqların inkişaf xüsusiyyətlərinə uyğun peşəyönümlü fəaliyyətlərin həyata keçirilməsi və şagirdlərin maarifləndirilməsi vacib hesab edilir.
Ölkəmizdə ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkilində əsas məqsəd ibtidai təhsil səviyyəsindən başlayaraq tam orta təhsil səviyyəsinin sonuna qədər şagirdin bütün aspektlərdə (bacarıq, maraq, istək, qabiliyyət və s.) özünü tanımasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin karyera məsləhətçisi Pərviz Quluzadə yuxarı sinif şagirdlərinə peşəyönümü ilə bağlı təlim keçib.
Təlim müddətində iştirakçılar peşə təhsili müəssisələri və müasir peşə təhsilinin əsas istiqamətləri ilə tanış olub, eyni zamanda, onlara peşəyönümü işinin təşkili üsulları, peşəyönümü fəaliyyətinin planlaşdırılmasına dair tövsiyələr verilib.
Əmək bazarında mövcud vəziyyətlə bağlı təqdimatlar edilib. Şagirdlərlə müsahibə və müzakirələr aparılıb.