Hacıqərvənd kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin, Tərtər Rayon Polis Şöbəsinin və Tərtər Təhsil Sektorunun təşkilatçılığı ilə Elnur Muradov adına Hacıqərvənd kənd tam orta ümumtəhsil məktəbində “Narkomaniyaya yox deyək”, “İnsan alverinin qarşısının alınması”, “Dini radikalizm” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, rayon polis şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon polis şöbəsinin rəis müavini-polis polkovnik leytenantı Elxan Zamanov narkomaniyanın cəmiyyət və insan sağlamlığı üçün yaratdığı ciddi təhlükələrdən, insan alverinin ağır nəticələrindən, dini radikalizmin mənfi təsirlərindən, eləcə də erkən nikahların gənclərin təhsilinə, sağlamlığına və gələcək həyatına vurduğu zərərdən danışıb.
Bildirilib ki, gənclərin sağlam düşüncəli, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, mövzularla bağlı ətraflı məlumat verilib və gənclər zərərli vərdişlərdən uzaq durmağa, təhsilə və şəxsi inkişaflarına xüsusi diqqət yetirməyə çağırılıblar.
Maarifləndirici tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hüquqi biliklərinin artırılması, onların zərərli təsirlərdən qorunması və sağlam həyat tərzinə təşviq edilməsidir.






