“Gənc qazilərin yay düşərgəsi” iştirakçıları Tərtər rayonunda ekskursiyada olublar
Tərtər Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş “Gənc qazilərin yay düşərgəsi” davam edir. Layihə çərçivəsində düşərgə iştirakçıları rayon ərazisində bir sıra tarixi və mədəni obyektlərə ekskursiya ediblər.
Gənclər Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”nı, həmçinin ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə inşa etdikləri “Marağa 150” abidəsinin qalıqlarını ziyarət ediblər. Bundan əlavə, Dövlət Rəmzləri Muzeyində, Vətən müharibəsi dövründə Tərtərə atılmış qadağan olunmuş “Smerç” raketi nəticəsində dağılan Sahib İsmayılova məxsus ev muzeyində olublar.
Ekskursiya zamanı Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev gənclərə 44 günlük Vətən müharibəsi zamanı rayonun üzləşdiyi vəziyyət barədə məlumat verib. O bildirib ki, müharibə dövründə Tərtər şəhəri və kəndlərinə 16 min 277 top, tank, “Qrad” mərmisi atılıb, 21 qadağan olunmuş raket zərbəsi endirilib. Nəticədə rayonun infrastrukturu ciddi zərər görüb: 12 körpələr evi-uşaq bağçası, 16 ümumtəhsil müəssisəsi, 10 tibb müəssisəsi, 7 mədəniyyət ocağı, məscid və inzibati binalar, 83 çoxmənzilli bina, 5344 fərdi yaşayış evi və təsərrüfatlar dağıdılıb. Ümumilikdə 95 nəqliyyat vasitəsinə və kənd təsərrüfatı texnikasına ziyan dəyib.
Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd Vətən müharibəsi iştirakçılarına sosial-psixoloji dəstək göstərmək, onların asudə vaxtını səmərəli təşkil etmək və cəmiyyətə adaptasiya prosesinə yardım etməkdir.
Ekskursiya iştirakçıları görülən işlərdən və onlara yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.






