Fiziki aktivliyin təbliği məqsədilə iş yerlərində idman məşğələləri keçirilir
Müasir dövrdə dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da insanların daha çox oturaq həyat tərzi keçirməsi əhalinin sağlamlığına və qeyri-infeksion xəstəliklərin inkişafına təsir edən əsas amillərdən biridir.
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin məqsədi əhali, o cümlədən iş yerləri üçün fiziki aktivlik proqramını təşviq etmək, işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir. Bu məqsədlə Tərtər Rayon İcra Hakimiyyətində nahar fasiləsində yüngül idman məşğələləri keçirilir.
Əməkdaşların fiziki aktivliyə cəlb etmək üçün keçirilən məşğələdə idmanın əhəmiyyəti və sağlamlığa faydalı təsirləri izah olunur, keçirilən əyani idman məşğələləri iştirakçıların psixoloji, fizioloji sağlamlığının möhkəmləndirilməsinə müsbət təsir göstərir. Təbiətlə harmoniyanın yaradılmasında vacib rol oynayan idman hərəkətləri insanda emosional vəziyyəti yaxşılaşdırır, stressi aradan qaldırmaqda effektiv təsir edir, faydalı iş əmsalını artırır.
Rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlara işçilər arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği və təşviqi tövsiyə olunur.