Fermer və baytarlar üçün beynəlxalq təcrübəyə əsaslanan təlimlər uğurla yekunlaşıb
20 noyabr 2025 | 10:49
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və “HasvetBaku” MMC-nin birgə təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə“Heyvan sağlamlığının təmin olunmasında fermerlərə göstərilən aqrar xidmətlərin rolu” mövzusunda keçirilən iki günlük təlim proqramı uğurla yekunlaşıb. Təlim proqramının ikinci günü Tərtər rayon Gənclər Evində keçirilib və sessiyalar beynəlxalq təcrübəyə malik ekspertlər - Örsan Güngör, Osman Cengiz və baytar həkim Şaiq Teyyubov tərəfindən aparılıb.
Proqram çərçivəsində iştirakçılar üçün interaktiv və məlumatlandırıcı sessiyalar təşkil olunub. Təlim zamanı “Biotəhlükəsizliyin təmin olunmasında heyvan sağlamlığının rolu”, “Virus xəstəliklərinin tanınması və onların müalicəsində müasir üsullardan istifadə”, həmçinin “Cins tərkibinin yaxşılaşdırılmasının heyvan sağlamlığında əhəmiyyəti” mövzuları ətrafında geniş və real təcrübəyə əsaslanan təqdimatlar keçirilib.
Təlimlər nəticəsində iştirakçılar heyvan sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və müasir baytarlıq xidmətlərinin təşkili sahəsində əhəmiyyətli biliklər qazanıblar.
Təlimlərin sonunda iştirakçılardan onları maraqlandıran eyni zamanda gələcək təlimlərdə görmək istədikləri və ehtiyac duyulan mövzular öyrənilib. Bu yanaşma növbəti təlimlərin daha məqsədyönlü və iştirakçıların real ehtiyaclarına uyğun planlaşdırılmasına imkan yaradacaq.
Qeyd edək ki, təlimlər 18 noyabr tarixində Gəncə şəhərində, Azərbaycan Dövlət Aqrar Universitetində öz işinə başlayıb.






