Evoğlu kəndində şəhid Məftun Əhmədzadənin il mərasimi keçirilib
Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev, YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhidin ailə üzvləri, şəhid ailələri və qazilərlə birlikdə şəhidin məzarını ziyarət edib, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Rayonun Evoğlu kəndində keçirilən il mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan 44 günlük Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutduğunu və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.
Rayon rəhbəri şəhidlərimizin hər birinin eldən gedən oğullar olduğunu vurğulayıb, onun keçdiyi qısa, lakin mənalı ömür yolundan söhbət açıb. Bildirib ki, Əhmədzadə Məftun Seymur oğlu 1996-ci il fevral ayının 2-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Məftun Əhmədzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində 18 ay sıravi əsgər kimi hərbi xidmət edib. Sonra "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına başlayıb. Kursları bitirən Məftun Əhmədzadə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirib.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş verib. Döyüşlərdə Quru Qoşunlarının hərbçisi olaraq iştirak edən Məftun Əhmədzadə 13 sentyabr 2022-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 16 sentyabr 2022-ci ildə nəşi evinə gətirilərək doğulduğu Tərtər rayonunun Evoğlu kəndində dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Məftun Əhmədzadə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qeyd olunub ki, şəhid Məftun Əhmədzadənin xatirəsi əbədiləşdirilib, Tərtər şəhərində küçələrdən birinə onun adı verilib, küçədə abadlıq işləri aparılıb, kommunikasiya xətləri səliqəyə salınıb, asfalt döşənib, küçənin girişində Məftun Əhmədzadənin baralyefi quraşdırılıb.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.