Evoğlu kəndində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun səyyar-qəbul görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Evoğlu kəndində keçirilib.
Qəbulda YAP rayon təşkilatının və Ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Evoğlu kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bildirib ki, əhali fasifləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki,Evoğlu kənd İƏD-nin 1625 hektar ərazisi, 547 təsərrüfatı, 2269 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 körpələr evi uşaq bağçası,1 mədəniyyət evi, 1 tibb məntəqəsi, 7 ticarət oyekti, 4 iaşə obyekti, 3 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1540 baş iribuynuzlu, 1340 baş xırdabuynuzlu heyvan, 6790 baş quş, 80 arı ailəsi saxlayırlar.
Son üç ildə Evoğlu kəndində 5 km məsafədə kəndarası yollar təmir edilib, su arxları 8 km lildən təmizlənib, kənd ərazisində 2200 ədəd çəkil, 150 eldar şamı və 300 müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Seymur Əhmədov suvarma arxından çıxarılaraq yol kənarına tökülmüş lilin ərazidən təmizlənməsi, Hakim Əliyev həyətyanı torpaq sahəsi ilə təmin olunması, Xasay Hüseynov yararsız halda olan iki içməli su bulağının təmir olunması, Kamil Məhərrəmov oğlunun işlə təmin olunması, Zahid Əliyev yeni qazılmış subartezian quyusunun elektrik şəbəkəsinə qoşulması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.