“Əsgərə məktub” layihəsi Tərtərdə
“Vətən uğrunda” səyyar təşviqat dəstəsi Tərtər Rayon İcra Hakimiyyətinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi ilə birlikdə Müstəqilliyin Bərpası Gününə Həsr olunmuş Tərtər rayonunda xidmət keçən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq məqsədilə kütləvi hərbi vətənpərvərlik tədbiri olan “Əsgərə məktub” layihəsini şəhərin mərkəzi meydanında keçirib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İctimaiyyətlə ordumuz arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən layihə çərçivəsində görülən işlər və həyata keçirilən fəaliyyətlər barədə məlumatlar verilib.
Tədbirdə iştirak edənlər layihənin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, belə tədbirlərin keçirilməsinin məqsədi Vətəni qorumağa hər an hazır olan vətənsevər gənclər yetişdirmək, onlarda milli və hərbi vətənpərvərlik ruhunu gücləndirməkdir.
İcra başçısı və layihə iştirakçıları Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə arzularını yazdıqları məktublarla çatdırıblar.