“ Ekoloji maarifləndirmə: Bərk məişət tullantılarının idarə olunması” mövzusunda dəyirmi masa keçirilmişdir
18 aprel 2025-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının inzibati binasında “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamın 5.1.1.3 bəndinin icrası istiqamətində “Ekoloji maarifləndirmə: Bərk məişət tullantılarının idarə olunması” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin,Gigiyena və Epidemiologiya Mərkəzinin, Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin, Komunal təsərrüfat idarəsinin və digər aidiyyəti qurumların nümayəndələri həmçinin, İnzibati ərazi dairəsi üzrə nümayəndələr və Bələdiyyə sədrləri iştirak etmişdir.
Tədbirdə çıxış edən iştirakçılar bu sahədə dövlət orqanlarının, ictimai təşkilatların və vətəndaşların üzərinə düşən vəzifələri qeyd etmiş, ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığının qorunmasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi və yenidən qurulmasının rolunu vurğulamışlar. Regionlarda bərk məişət tullantılarının mərkəzləşdirilmiş idarə olunması sisteminin yaradılması və bu sahədə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ölkəmizdə və rayonda həyata keçirilən tədbirlər barədə geniş məlumat verilmişdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.






