Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Hüsənli kənd tam orta məktəbində təqaüdçü müəllim Baba Aslanovun 85 illik yubiley tədbiri keçirilib

29 dekabr 2024 | 09:44

Tədbirdə yubilyarın doğmaları ilə birlikdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, ”Yeni Tərtər” qəzetinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, məktəbin məzunları da iştirak edib.

Tədbirin  ssenari müəllifi və aparıcısı Ağdam Dövlət Dram Teatrının rejissoru, Baba müəllimin şagirdi Elmir Hümbətov  olub.

Tədbirdə əvvəlcə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərin, dünyasını dəyişmiş müəllimlərin və təyyarə qəzasında  həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra aparıcı uzun illər ömrünü-gününü şagirdlərinin təhsili yolunda şam kimi əridən Aslanov Baba Allahverdi oğlunun həyat və fəaliyyəti barədə danışıb.

Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Svetlana Əzizova, YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, vaxtı ilə Baba müəllimlə birgə işləmiş müəllimlərdən Cümşüd Həsənov, Bəsti Məmmədova Həmayıl Bayramova, İlyas Hümbətov, Fatma Əhmədova, Məlahət Zeynalova çıxış edərək Baba müəllimi təbrik edib, ona sağlıqlı ömür arzulayıblar. Çıxışlarda Baba Aslanovun müəllimlik fəaliyyəti dövründən maraqlı, yaddaqalan xatitələr dilə gəlib, Onun aktyorluq istedadından, səhnələşdirdiyi tamaşalardan, musiqi istedadından- kamançada etdiyi gözəl ifalardan da danışılıb.

Baba müəllimin   ziyası işığına toplaşmış keçmiş şagirdləri şair Xəqani Abbasov, şairə  Səidə Əşrəf qızı, Ədalət Nuriyev, Xəlil  Məmmədov, Pərviz Ağayev sevimli müəllimlərini təbrik ediblər, məktəbin şagirdləri müəllim ömrünə həsr olunmuş şeirlər söyləyiblər, maraqlı səhnələr göstərilib.

Sonra müəllimə  YAP rayon təşkilatı tərəfindən fəxri fərman, keçmiş şagirdləri  tərəfindən foto-xalça təqdim edilib, yubiley tortu kəsilib.

Baba Aslanov, həyat yoldaşı Xalidə xanım və atasının yolunu davam etdirən  qızı Fəzilə müəllimə müəllim əməyinə verilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  və tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər