Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru Baxışlı Baxışla doğulduğu Tərtər rayonunun İsmayılbəyli kəndində vida mərasimi keçirildi

10 iyun 2024 | 16:26

İyunun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu  dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olub. 

Bu gün Baxışlı Baxış Elşən oğlu ilə doğulub boya-başa çatdığı Tərtər rayonunun İsmayılbəyli kəndində vida mərasimi keçirilib.

Mərasimdə şəhidin doğmaları ilə yanaşı  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dövlət Sərhəd Xidmətinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri, Vətən Müharibəsi Qəhrəmanı Babək Qurbanov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Dövlət Sərhəd Xidmətinin əsgər və zabitləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilat kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, kənd sakinləri, rayon ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində çıxış edən  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Dövlət Sərhəd Xidmətinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri, Vətən Müharibəsi Qəhrəmanı Babək Qurbanov şəhidin ailəsinə başsağlığı verərək, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru Baxış Baxışlının eldən gedən oğul olduğunu vurğulayaraq ailəsinə səbr diləyiblər.

Cənazə namazından sonra şəhid doğulub boya-başa çatdığı Tərtər rayonunun İsmayılbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb. Dövlət Sərhəd Xidmətinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri, Vətən Müharibəsi Qəhrəmanı Babək Qurbanov cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağını şəhidin atası Elşən Bağırova təqdim edib, havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, Baxışlı Baxış Elşən oğlu 07 noyabr 1994-cü ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. İsmayılbəyli kənd tam orta məktəbini qurtardıqdan sonra 617 balla Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub və akademiyanı fərqlənmə diplomu ilə bitirib. 44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak edib. Xidmətdə fərqləndiyinə görə sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli, “Silahlı qüvvələrin 95 illiyi”, “Azərbaycan Sərhəd mühafizəsi”, “Sərhəddə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.

Subay idi.

Allah rəhmət eləsin!

Keçidlər