Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində fermerlərə master-klass keçirilib

12 mart 2026 | 17:35

Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı və “Grand-Agro İnvitro” MMC-nin dəstəyi ilə Tərtər şəhərində “İntensiv meyvə bağlarının salınması və idarə olunması texnologiyaları” mövzusunda fermerlərə master-klass keçirilib. Proqram aqronomluq, bağçılıq və tingçilik sahələri üzrə beynəlxalq məsləhətçi, ixtisaslaşmış şirkətin baş icraçı direktoru Dr. Cihangir Korkmaz tərəfindən aparılıb. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin, “Grand-Agro İnvitro” MMC-nin əməkdaşları, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin müəllim-tələbə heyəti, fermerlər, sahibkarlıq subyektləri, aqronomlar və tingçiliklə məşğul olan şəxslər iştirak ediblər.

Master-klassın əsas məqsədi fermerlər arasında sertifikatlı tinglərin düzgün seçimi və istehsalı, intensiv meyvə bağlarının planlı şəkildə salınması, məhsuldarlığın artırılması və gəlirli bağ təsərrüfatlarının qurulması, həmçinin bağların effektiv idarə olunması bacarıqlarının formalaşdırılması olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, müasir dövrdə texnologiyaların inkişafı, iqlim dəyişiklikləri və bazar tələbləri fermerlərin daha müasir və innovativ yanaşmalar tətbiq etməsini zəruri edir. Qeyd edib ki, müasir aqrar texnologiyaların tətbiqi, sertifikatlı tinglərdən istifadə, dövlət - özəl sektor əməkdaşlığının gücləndirilməsi məhsuldarlığın və məhsulun keyfiyyətinin yüksəldilməsinə, eyni zamanda kənd təsərrüfatının daha dayanıqlı inkişafına mühüm töhfə verir. Həmçinin sədr vurğulayıb ki, Aqrar Təlim Mərkəzi fermerlərin, aqronomların və digər aqrar mütəxəssislərin bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq nəzəri və praktiki təlimlər təşkil edir. Təlim proqramları fermerlərin real ehtiyacları və bölgələrin xüsusiyyətləri nəzərə alınaraq hazırlanır. Bu fəaliyyət məhsuldarlığın və məhsul keyfiyyətinin artmasına, resurslardan səmərəli istifadəyə, kənd təsərrüfatının dayanıqlı inkişafına və ölkənin ərzaq təhlükəsizliyinin güclənməsinə mühüm töhfə verir.

Tədbirdə çıxış edən “Grand-Agro İnvitro” MMC-nin direktoru Ramil Əzməmmədov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti və meyvəçilik sektorunun inkişafına yönəlmiş təşəbbüslər barədə ətraflı məlumat verib. O bildirib ki, şirkət müasir laboratoriya şəraitində klonlaşdırma üsulu ilə viruslardan azad bitki materialının çoxaldılması istiqamətində fəaliyyət göstərir və bu yanaşma sağlam, yüksək məhsuldarlığa malik bağların salınmasına mühüm töhfə verir. Çıxış zamanı sertifikatlı toxum və tinglərdən istifadənin əhəmiyyətini xüsusi vurğulayan R. Əzməmmədov bunun məhsulun keyfiyyətinin və sabit məhsuldarlığın təmin edilməsində mühüm rol oynadığı qeyd edib.

Master-klass nəzəri və praktiki hissələrdən ibarət olmaqla iştirakçılara həm elmi biliklər, həm də sahə üzrə praktiki bacarıqlar qazandırmağa yönəlib. Proqramın nəzəri hissəsində iştirakçılara müasir meyvəçilik metodları, kənd təsərrüfatında innovativ yanaşmalar, dərmanlama və gübrələmə texnologiyaları, intensiv bağların salınması və idarə olunması, calaqaltı seçimi və sertifikatlı ting istehsalının üstünlükləri barədə məlumat verilib. Təlimçi Dr. Cihangir Korkmaz təqdimatı zamanı intensiv meyvə bağlarının salınmasında düzgün sort və calaqaltı seçiminin, eləcə də sertifikatlı tinglərdən istifadənin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, məhsuldarlığın artırılması üçün torpaq hazırlığının düzgün aparılması, ağacların formalaşdırılması və budanması, eləcə də xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsi intensiv bağçılıqda uğurun əsas şərtlərindəndir. Tədbir zamanı iştirakçıların praktik ehtiyacları nəzərə alınaraq mövzular üzrə fikir mübadiləsi aparılıb.

Proqramın ikinci, praktiki hissədə isə nümunəvi təsərrüfatda fermerlərin iştirakı ilə meyvə ağaclarının formalaşdırılması və budanması qaydaları iştirakçılara ətraflı şəkildə izah edilib. Sahə şəraitində ağacların düzgün budama texnikaları əyani şəkildə nümayiş etdirilib, budamanın ağacların sağlam inkişafına, məhsuldarlığın artırılmasına və məhsulun keyfiyyətinə təsiri barədə praktik tövsiyələr verilib. Təlimçi Dr. Cihangir Korkmaz tərəfindən müxtəlif yaş mərhələsində olan ağacların formalaşdırılması üsulları göstərilib, onların düzgün inkişafının təmin edilməsi və məhsuldarlığın artırılması, bağlarda düzgün qulluq, ağacların balanslı inkişafının təmin edilməsi və məhsuldar bağların formalaşdırılması ilə bağlı iştirakçılara praktiki məsləhətlər verilib. Bu yanaşma fermerlərə əldə etdikləri nəzəri bilikləri sahə şəraitində tətbiq etməyə və intensiv bağçılıq sahəsində daha səmərəli fəaliyyət göstərməyə imkan yaradıb.

Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən təşkil olunan bu cür tədbirlər bölgələrdə fəaliyyət göstərən fermerlər arasında bilik və təcrübə mübadiləsini gücləndirir, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqini təşviq edir və yerli təsərrüfatların dayanıqlı inkişafına əhəmiyyətli töhfə verir.

Keçidlər