Bu gün Tərtərdə daha bir Vətən Müharibəsi qazisinin toy mərasimi keçirilib
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, İdarə, müəssisə, təşkilat rəhbərləri, qazilər və müharibə veteranları ilə birlikdə rayonunun Kəngərli kənd sakini, 3-cü qrup Vətən Müharibəsi Əlili Mirzəzadə İsgəndər Xalis oğlunun toy mərasimində iştirak ediblər.
Mirzəzadə İsgəndər Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Onun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş sücaətlərindən danışan icra başçısı İsgəndərin öz Vətənini, torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həmdə yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşıdır” deyib.
İcra başçısı gəncləri təbrik edərək, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinə, müharibə veteranlarının problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritlərindən olduğunu bildirib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran qazini təbrik edib, ona xoş arzularını çatdırıblar.
Onların qazilərlə birgə rəqsi, rayonda Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı hər kəsi qürurlandırıb.