Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür
Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, veteranlar, qazilər, ictimaiyyət nümayəndələri tərəfindən Tərtər şəhərində qəhrəmanın adını daşıyan küçədə Şəhidin baralyefi ziyarət olunub, önünə tər gül-çiçək dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.
Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib. M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Həmin gecə - 18 iyun tarixində Azərbaycan giziri səhər saatlarındakı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlaham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova ölümündən sora Azərbaycanın Milli Qəhrəmanı adı verilib.