Böyük Britaniyanın Azərbaycandakı səfiri Tərtər rayonunda yaradılan Qadın Resurs Mərkəzinin işi ilə tanış olub
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun Tərtər rayonuna səfəri çərçivəsində Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Tərtər rayonunda yaradılan Qadın Resurs Mərkəzinin işi ilə tanış olub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək Qadın Resurs Mərkəzinin gənclər və qadınların məşğulluğunun dəstəklənməsi baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. Diqqətə çatdırıb ki, mərkəz qadınların iqtisadi və sosial təşəbbüslərinin planlaşdırılması və əlaqələndirilməsi, potensialın artırılması, sahibkarlıq fəaliyyəti, peşə təhsili üçün imkanların yaradılması və ictimai dəstək qazanılması üçün ictimai platforma rolu oynayır.
Sonra mərkəzdə “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi təqdim olunub.
Mərkəzin koordinatoru Mərziyyə Qəndilova tədbir iştirakçılarını salamlayaraq, səfirə rayonda yaradılan Qadın Resurs Mərkəzi tərəfindən görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, Qadın Resurs Mərkəzi tərtərli qadınlar üçün sosial –iqtisadi imkanların təmin edilməsində mühüm rol oynayır. O, maliyyə əməliyyatlarının aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planlarının yazılması sahəsində təlimlərin keçirildiyini bildirib, qadınların sahibkarlıga cəlb olunması, onların səmərəli fəaliyyəti istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib.
Sonra layihənin psixoloqu Hətəm Nuruzadə, hüquqşünas Hümbət Mərdanlı və sosial məsləhətçisi Xəqani Hüseynov görülən işlərlə baglı söhbət aparıblar.
Tədbirdə layihə və Qadın Resurs Mərkəzi ilə bagli təcrübələri, ehtiyacları və gözləntiləri öyrənmək üçün Qadın Resurs Mərkəz benefisiarları ilə interaktiv sessiya keçirib. Sonra məlumatların toplanması, kariyera istiqamətləndirilməsi və kommunikasiya, təşviqat təlimlərinin iştirakçılarına sertifkartlar təqdim edilib.
Tərtər Gənclər Mərkəzində Qadın Resurs Mərkəzinin otağına baxış keçirilib. Gender Əsaslı Zorakılığa Qarşı 16 günlük fəaliyyət çərçivəsində Tərtər Qadın Resurs Mərkəzinin “Hekayəni dəyiş” kvestinin 18 gəncin iştirakı ilə müşahidəsi keçirilib, sertifikatlar verilib.
Beləliklə, Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Aulduninin Tərtər Qadın Resurs Mərkəzinin işi ilə tanışlığı başa çatıb.