Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri Fergus Auldun Tərtər rayonunda səfərdə olub
Noyabr 29-da Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun Tərtər rayonuna səfər edib.
Səfər çərçivəsində səfir Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri səfirə rayonun infrastrukturu, sosial-iqtisadi göstəriciləri, istehsal olunan kənd təsərrüfatı məhsulları, sahibkarlığın inkişafı üçün investisiyaların cəlb olunması barədə məlumat verib, Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə danışıb. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə Tərtər rayonuna 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində 40 yaşayış məntəqəsi üzrə 3663 fərdi yaşayış evinə, 83 çoxmənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, o cümlədən, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, İlk Peşə ixtisas məktəbinə, Gənclər Mərkəzinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə, 10 tibb müəssisəsinə və 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib, güclü dağıntılar olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tam dağılıb.
Tərtər rayonu 46 hərbi, 16 mülki şəhid verib, 63 mülki şəxs yaralanıb.
Səfir mərkəzi meydanda Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtərə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıb, rayonun infrastrukturuna dəymiş ziyanı əks etdirən fotostendlərlə tanış olub.
Sonra o şəhərin Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun ermənilərin atdığı “Smerç” tipli raketin nəticəsində dağılmış evində olub. Bir tərəfdə açıq havada dağılmış ev müzeyinə, digər tərəfdə dövlətin həmin dağılmış evin yanında öz vətəndaşına tikdiyi evə baxıb.
Sonra səfir Şıxarx qəsəbəsində böyük hissəsi ermənilər tərəfindən dağıdılmış ”Marağa-150” abidəsində olub. İcra başçısı səfirə abidə haqqında məlumat verərək bildirib ki, “Marağa-150” abidəsi ermənilərin İran marağasından Qarabağa köçürülmələrinin 150 illiyi münasibəti ilə 1978-ci ildə özləri tərəfindən inşa edilib. 20-ci əsrin sonlarında Ermənistanın Azərbayacana qarşı ərazi iddiaları başlayanda abidə ermənilər tərəfindən qəsdən dağıdılsa da hələ də onun qalıqları qalmaqdadır. Bu, erməni yalanını, məkirini ifşa edən tutarlı siyasi əhəmiyyətə malik bir abidədir.
Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.