Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubovun üç mərasimi keçirilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Yaqubov Fəqan Misir oğlunun üç mərasimi keçirilib.
Mərasimdə şəhidin doğmaları ilə yanaşı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynov, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər salınıb, xatirələri ehtiramla anılıb.
Qeyd edək ki, şəhid Yaqubov Fəqan Misir oğlu 1973-cü il iyun ayinin 7-də Tərtər rayonunun Sarcalı kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra Bərdə rayonunda 105 saylı Texniki Peşə Məktəbində sürücülük ixtisasını öyrənib. 1991-ci ilin iyun ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. SSRİ dağıldıqdan sonra dogma vətənə qayıdıb və 1992-ci ilin əvvəllərindən hərbi xidmətini davam etdirmək üçün könüllü surətdə “Tərtər özünümüdafiə batalyonu”na daxil olub.
Bu batalyonun tərkibində torpaqlarımızın müdafiəsi uğrunda Ağdərə bölgəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1992-ci il avqust ayının 7-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Subay idi.
Allah rəhmət eləsin!