Birinci Qarabağ müharibəsinin birinci dərəcəli əlili, “Azərbaycan Bayrağı” ordenli İlham Mustafayevin müraciəti təmin olunub
16 dekabr 2025 | 18:37
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən mütəmadi olaraq həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Qəbullar zamanı vətəndaşları narahat edən məsələlər yerində araşdırılır, qaldırılan problemlərin operativ həlli istiqamətində müvafiq tədbirlər görülür və vətəndaş məmnunluğunun təmin olunmasına xüsusi diqqət yetirilir.
Tərtər rayonunun Cəmilli kənd sakini, Birinci Qarabağ müharibəsinin birinci dərəcəli əlili, “Azərbaycan Bayrağı” ordenli Mustafayev İlham Abbas oğlu rayon rəhbərinin növbəti qəbulu zamanı müraciət edərək həyətyanı sahəsinin arxa hissəsindən keçən suvarma arxının dolması nəticəsində suyun daşaraq həyətyanı sahəni və yolu basdığını bildirib, arxın təmizlənməsində köməklik göstərilməsini xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişinə uyğun olaraq Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qeyd olunan suvarma arxında təmizlənmə işləri aparılıb və problem qısa müddətdə aradan qaldırılıb.
İlham Mustafayev müraciətinə həssaslıqla yanaşıldığına və problemin operativ şəkildə həll edildiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.






