Şriftin ölçüsü :

Saytın rəngi :

Bəyimsarov kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib

02 fevral 2023 | 14:10

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Bəyimsarov kəndində keçirilib.

Qəbulda YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri möhtərəm Prezidentin  diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan  nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib. O, dövlət başçısı cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclasında uğurla iştirak etdiyini, Forum çərçivəsində bir sıra səmərəli görüşlər keçirdiyini, Azərbaycanın malik olduğu iqtisadi və siyasi potensial barədə ətraflı məlumat verdiyini, həmçinin regiondakı vəziyyət, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycanın səyləri, Laçın-Xankəndi yolunda baş verən hadisələrin mahiyyəti barədə ətraflı danışdığını, ölkəmizə qarşı Ermənistan və bəzi ermənipərəst qüvvələr tərəfindən aparılan yalançı təbliğatları iflasa uğratdığını, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdığını qeyd edib. Bildirib ki bu gün biz fəxrlə ölkəmizin beynəlxalq aləmin diqqət mərkəzində yer almasını, Ermənistanın isə növbəti dəfə qlobal iqtisadi proseslərdən təcrid olunmasını izləyirik.

İcra başçısı qəbulda Azərbaycanın İranda yerləşən səfirliyinə qarşı törədilən terror aktından, Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin Mühafizə Xidmətinin rəisi Orxan Əsgərovun şəhid olmasından, digər iki nəfərin yaralanmasından da danışıb. O, şəhid Orxan Əsgərovun ailəsinə başsağlığı verərək, rəhmət diləyib, terror zamanı yaralanan oğullara isə tezliklə sağalmalarını arzulayıb. Bu terror aktının əslində Azərbaycana qarşı terror və hücum olduğunu bildirib

Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, Bəyimsarov  kəndinin 2929 hektar ərazisi, 629 təsərrüfatı, 3116 nəfər əhalisi var. Ərazidə 2 məktəb, 1 körpələr evi-uşaq bağçası, 2 mədəniyyət evi, 1 kitabxana, 8 ticarət, 4 iaşə,   1 məişət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

Sakinlər 1179 baş iribuynuzlu, 1460 baş xırdabuynuzlu heyvan, 4840 baş quş, 366 arı ailəsi saxlayırlar.

Bəyimsarov kəndində son üç ildə şəhidlər abidəsi cari təmir olunub, ətrafında həmişəyaşıl ağaclar əkilib, kənd ərazisində 55 yerlik körpələr evi-uşaq bağçasının binasının tikintisində başlanılmıb və hal-hazırda tikinti işləri davam edir,  kənd ərazisində 1500 ədəd tut tingi, 550 ədəd müxtəlif növ ağaclar əkilib, əkin sahələrinə gedən su arxları 3.5 km məsafədə lildən təmizlənib, suvarma üçün nəzərdə tutulmuş 1 ədəd subartezian quyusu qazılıb, 3 ədəd subartezian quyusu təmir edilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Rayon rəhbəri sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən Fazil Vəliyev kəndin elektrik xətlərinin SİP kabellə əvəzlənməsi, Sirac Rzayev kənd yolunun asfaltlanması, Zakir Əliyev və Çingiz Əhmədov su arxlarına qapıların qoyulması, Habil Mehdiyev su arxının təmizlənməsi və digər məsələlər  ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər