BDU alimləri Tərtər məktəblilərinə Ümummilli Lider Heydər Əliyevin irsi ilə bağlı mühazirə deyiblər
Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi, professor-müəllim heyəti Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Tərtər şəhər 1 və 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərin şagirdləri ilə görüşüb.
BDU-nun rektoru Elçin Babayev, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, dosenti Azad Rzayev, İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti Knyaz Aslan Tərtər şəhəri 6 nömrəli, Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti Rasim Süleymanov Tərtər şəhəri 1 nömrəli, İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov, Beynəlxalq münasibətlər kafedrasının dosenti Bəxtiyar Nəbiyev, Tarix fakültəsinin müəllimi Anar Həmidov Şıxarx qəsəbəsi 2 nömrəli tam orta məktəblərdə Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı mühazirələr deyib, şagirdləri dahi liderin zəngin həyat və fəaliyyətini dərindən öyrənməyə, onun əsasını qoyduğu dəyərləri qorumağa və inkişaf etdirməyə səsləyiblər.
BDU-nun rektoru Elçin Babayev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şagirdlərlə görüşüblər. Görüşdə müasir Azərbaycan dövlətinin qurucusu və memarı, bütün həyatını xalqımızın xoşbəxt gələcəyinə həsr edən Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin və çoxşaxəli fəaliyyətindən bəhs edilib. Qeyd edilib ki, Ulu Öndər özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin edib. Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Dövlət müstəqilliyi uğrunda şərəfli mübarizədə müstəsna rolu olan Ulu Öndər Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində silinməz iz buraxıb, gələcək nəsillər üçün böyük məktəb yaradıb.