Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı-Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışının final mərhələsinə Tərtərdən start verilib

14 may 2026 | 10:19

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının həlledici 5-ci mərhələsi mayın 14-də qəhrəman Tərtər rayonundan start götürüb.

Tərtər şəhərinin Heydər Əliyev prospektində, Mərkəzi Meydanda yarışın açılış və start mərasimi keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və çoxsaylı rayon sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun verdiyi start siqnalı ilə velosipedçilər prospekt boyunca hərəkətə başlayıblar. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqviminə daxil edilmiş bu mötəbər yarışın beşinci günü ümumi məsafəsi 181,3 km olan Tərtər-Füzuli-Şuşa-Xankəndi marşrutu üzrə təşkil olunub.

Marşrut boyunca rayon sakinləri, xüsusilə məktəblilər və gənclər idmançıları yüksək əhval-ruhiyyə və sevinc dolu şüarlarla qarşılayıb, onlara dəstək nümayiş etdiriblər. Beynəlxalq idman yarışı rayon sakinləri və qonaqlar tərəfindən böyük maraqla izlənilib.

Qeyd edək ki, UCI-nin 2.1 kateqoriyalı, 5 mərhələdən ibarət “Bakı–Xankəndi” velosiped turunda dünyanın 20 ölkəsini təmsil edən 24 komanda birincilik uğrunda mübarizə aparır. Turnirin möhtəşəm finalı və qaliblərin mükafatlandırılması Xankəndi şəhərində baş tutacaqdır.

Keçidlər