Azərbaycanın xalq şairi Vahid Əzizin Dövlət mükafatına təqdim olunmuş “Param-parça illər” kitabı müzakirə olunub
Azərbaycanın xalq şairi Vahid Əzizin “Param-parça illər” kitabı bir xalqın tarixindən səhifələri özündə əks etdirir. Qarabağ müharibəsində Azərbaycan xalqının yaşadığı ağrı-acılar, bu savaşda Azərbaycan oğullarının qanı, canı bahasına qazanılan Zəfərin sevinci, qüruru, xalqın öz Prezidentinə inamı Vahid Əziz qələmi ilə öz poetik ifadəsini tapıb.
Vahid Əziz Dərələyəzdə doğulsa da, Tərtərdə böyüyüb, Tərtər şəhər 1 saylı tam orta məktəbini bitirib. Tərtər ziyalıları, eləcə də oxuduğu məktəbin kollektivi onun “Param-parça illər” kitabının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Komissiyası tərəfindən 2022-ci ilin Dövlət mükafatına təqdim olunması xəbərini böyük sevinclə qarşılayıb. Vaxtilə oxuduğu şəhər 1 saylı tam orta məktəbdə Vətən müharibəsində düşmən üçün alınmaz qalaya çevrilmiş Tərtərin şair oğlu Vahid Əzizin “Param-parça illər”inin, sonu zəfərlə bitən ağrılı-acılı illərdə və qələbədən sonra yazdığı şeirlərinin müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru İntiqam Nuriyev açaraq sözü “Əməkdar müəllim” Fazilə Kərimovaya verib. Fazilə müəllim Vahid Əzizin həyat və yaradıcılığı haqqında məlumat verərək “Param-parça illər” kitabında toplanmış şeirlərindən danışıb, şagirdlər kitabdan “Zəfər nəğmələri”ni söyləyiblər.
“Zəfər milllətin altun tacıymış”, “Qələbə”, “Bir bayatı çağırdılar”, “Payız bilə-bilə”, “Sən mənim əbədi Qarabağımsan”, “Qəhrəman Tərtər”, “İrəvana qədər” və s. şeirlər alqışlarla qarşılanıb.
Məktəbin rus bölməsi üzrə tədris işləri üzrə direktor müavini Ziyafət Rüstəmova, müəllimlərdən Tamella Mehdiyeva, Sona Vəliyeva, Arzu İbrahimova, Kifayət Hüseynova, Cəmilə Hüseynova və məktəb kitabxanasının müdiri Turanə Bayramlı çıxış edərək kitab haqqında öz fikirlərini bildiriblər. Qeyd olunub ki, kitabda Vətən uğrunda şəhid olmuş oğulların poetik obrazları oxucuda kövrək hisslər yaradır. “Şəhidlik zirvəsi”, “Naməlum şəhid məzarı”, “Şəhid xəbərini gətirən qazi”, “Şəhid məzarına gül gətirən qız” və s. bu qəbildən olan şeirlərdir.
Xalq şairi kitabda Ali Baş Komandan cənab İlham Əliyevi xalqının sərkərdəsi, sözünün üstündə duran Prezident kimi poetik ifadələrlə tərənnüm edir!
Ali Baş Komandan dəmir yumruğun
düşmənin başına vuran kişidi.
Millət, Prezidentin-böyük dayağın
Sözünün üstündə duran kişidir
Şairin “Param-parça illər”ində “Utanırdım deyəndə Qarabağdan gəlirəm” başlığı altında verilən şeirlərində onun Qarabağın işğalı ilə bağlı Vətən nisgili yer alıb. Bu şeirlər yarandığı zamanı özündə əks etdirir. Şükür ki, o vaxtlar arxadan qaldı. “Dəmir yumruq” düşmənə öz yerini tanıtdı, Azərbaycan torpaqları işağldan azad oldu, Azərbaycanın şanlı zəfər tarixi yazıldı.
Çıxış edənlər Vahid Əzizin “Param-parça illər” kitabının dövlət mükafatına təqdim olunmasını böyük qürur hissi ilə, oxucu sevinci ilə qeyd ediblər. Bir fikir vurğulanıb: “Nə yaxşı ki, şanlı Zəfər tariximizi öz poeziyasında əks etdirən Vahid Əziz kimi xalq şairimiz, Tərtərimizin ziyalı oğlu var”.
Tədbirdə Tərtər Rayon İcra hakimiyyətinin nümayəndələri Svetlana Əzizova, Rəksanə Məmmədli və “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova da iştirak ediblər.