“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda “dəyirmi masa” keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
Sonra “dəyimi masa” ətrafında Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”nı giriş sözü ilə açan Tərtər RİHB aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli əvvəlcə Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən tədbirlər barədə məlumat verib, 10 mayda Ulu Öndərin doğum günü münasibəti ilə keçirilən ümumrayon tədbirindən, möhtəşəm konsert proqramından və atəşfəşanlıqdan danışıb.
Rəqsanə Məmmədli qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi xilaskarlıq missiyasına yönəldib. Bildirib ki, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarıb.
“Dəyirmi masa”da YAP rayon təşkilatının əməkdaşı Samirə Zeynalova, Buruc Kənd körpələr evi-uşaq bağçasının müdiri Ədilə Rəhimova, Mamırlı Kənd körpələr evi-uşaq bağçasının müdiri Zenfira Quliyeva, Hacıqərvənd Kənd körpələr evi-uşaq bağçasının müdiri Güldanə Alışova çıxış edərək bildiriblər ki, Yeni qurulmuş Azərbaycan Respublikası müstəqil dövlət kimi demokratik hüquqi dövlət quruluşunu seçdiyini bəyan etsə də, məlum olduğu kimi XX əsrin sonlarının mürəkkəb ictimai-siyasi vəziyyətində müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir vəziyyətdə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ölkəmiz müstəqil dövlət kimi varlığını qoruyub saxlaya bildi və inkişaf yolunu seçdi. Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyinin ən gərgin və mürəkkəb illərində taleyin hökmü ilə xalqın müdrikliyinə arxalandı, təhlükənin genişlənməsinə imkan vermədi, möhkəm iradəsi və düzgün qərarları ilə Azərbaycan xalqını bəlalardan, dövlətimizi parçalanmaq, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi.
Qeyd edilib ki, Ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir.