“Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun şəhidlik zirvəsinə ucalmağının 30-cu ildönümü münasibəti ilə anım mərasimi keçirilib
Tərtərdə Birinci Qarabağ müharibəsi şəhidi, ”Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun şəhidlik zirvəsinə ucalmağının 30-cu ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Anım mərasimində rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin nümayəndələri, Vətən müharibəsi veteranları, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri, Mehrac Mahmudovun döyüş yoldaşları, ailə üzvləri və yaxınları iştirak ediblər.
Öncə tədbir iştirakçıları Səhləbad kəndində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidəni, sonra Mehrac Mahmudovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Məktəblilər şəhidin məzarı önündə Vətənə, şəhidlərə aid şeirlər söyləyiblər.
Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib.
Əvvəlcə torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusifov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər Regional şöbəsinin sədri Vidadi Məmmədzadə, döyüş yoldaşları, şəhidin oğlu Ziya Mahmudov çıxış edib, Mehrac Mahmudovla bağlı xatirələrini bölüşüblər.
Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev çıxış edərək Mehrac Mahmudovun şərəfli ömür yolu barədə məlumat verib.
Qeyd olunub ki, Mehrac Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Orta təhsilini həmin kənd tam orta məktəbində alıb. Hərbi xidmətini 1977–1979-cu illərdə Sovet Ordusu sıralarında Xaborovski şəhərində keçirib. Ali təhsilli idi, Texnologiya institutunu bitirmişdi.
Mehrac həm də idmançı idi, 1980-ci ildə sərbəst güləş üzrə "Usta" normasını yerinə yetirmişdi.
Ailəli idi, 3 övladı var.
Mehrac Qarabağ hadisələri başlayan vaxt Tərtər İctimai İaşə Birliyində işləyirdi. O, erməni işğalçılarına qarşı vuruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi "Tərtər özünümüdafiə batalyon"una gəlib, 1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı Tərtər özünümüdafiə batalyonu Seysulan və Yarımca kəndlərinə ilk hücum etdiyi vaxt batalyona rəsmi qəbul edilmədiyi halda hərbçilərlə birlikdə bu döyüşdə xüsusi fəallıq göstərib. Sonradan 2 aprel 1993-cü il tarixdə o, çavuş rütbəsi ilə Tərtər özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edilib. Bundan sonra o, hərbi fəaliyyətini daha da genişləndirib.
Mehrac Mahmudov Ağdərə bölgəsində Göyarx, Lüləsaz, Qırmızıkənd, Daş karxanası adlanan yerlər uğrunda gedən döyüşlərdə düşmənin bir neçə texnikasını və canlı qüvvəsini şəxsən məhv edib. 1993-cü il sentyabr ayında 190 saylı hərbi hissəyə dəyişdirilib və Ağdam bölgəsində gedən döyüşlərdə şücaətlər göstərib.Ermənilər onun adı gələndə qorxurdular, hətta Mehracın başına pul da qoymuşdular.
23 aprel 1994-cü il tarixdə Mehrac Mahmudov Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olub. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Mehracın xatirəsi əbədiləşdirilmiş, 24 may 2016-cı ildə Tərtər şəhərindəki küçələrdən birinə Mehrac Mahmudovun adı verilmişdir.
Bəli, dövlətimiz, xalqımız öz igid oğullarını unutmur, onların layiq olduğu dəyəri, qiyməti verir. Bu gün də Mehracı tanıyanlar, onun döyüş yoldaşları Mehracın qəhrəmanlıqları haqqında maraqlı xatirələr danışırlar. Bu gün torpaqlarımızı düşmən işğalından azad edən oğullarımız Mehrac kimi igid oğullardan nümunə götürüb.
Atalarından, babalarından nümunə götürən gənclərimiz möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gündə Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi, bir gündə isə işğaldan azad edilmiş torpaqlarda lokal xarakterli antiterror əməliyyatları apararaq torpaqlarımız terrorçulardan təmizləndi. İstər Vətən müharibəsində, istər antiterror əməliyyatlarında tərtərli oğullarımız qəhrəmanlıq salnaməsi yazdı.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.