"Azərbaycan Bayrağı" ordenli Mehrac Mahmudovun anım günü qeyd edilib
Tərtərdə “Azərbaycan Bayrağı” ordenli şəhid Mehrac Mahmudovun anım günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, qazilər, veteranlar, döyüş yoldaşları, ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub, tədbir iştirakçıları şəhidin məzarı və şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüblər.
Sonra döyüş yoldaşları şəhidin həyat və döyüş yolundan danışıblar. Qeyd olunub ki, Mahmudov Mehrac Məhəmməd oğlu 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Əvvəllər Narçılıq sovxozunda fəhlə, Qarabağ hadisələri başlayan vaxt isə Tərtər İctimai iaşə Birliyində işləyirdi. Erməni işğalçılarına qarşı vuruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi “Tərtər özünümüdafiə batalyon”una gəlir. 1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı Tərtər özünümüdafiə batalyonu Seysulan və Yarımca kəndlərinə ilk hücumu etdiyi vaxt M.Mahmudov batalyona rəsmi qəbul edilmədiyi halda belə bu faciəyə dözə bilməyib, hərbçilərlə birlikdə bu döyüşdə iştirak etdi və xüsusi fəallıq göstərdi. Sonradan 02 aprel 1993-cü il tarixdə o, çavuş rütbəsi ilə vzvod komandiri kimi Tərtər Özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edildi. Bundan sonra o, hərbi fəaliyyətini daha da genişləndirdi. Mehrac Mahmudov Ağdərə bölgəsində Levonarx, Akopkamari, Qırmızıkənd, Daş karxanası adlanan yerlər uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və düşmənin bir neçə texnikasını və canlı qüvvəsini şəxsən məhv etmişdir. 1993-cü il sentyabr ayında 190 saylı hərbi hissəyə dəyişdirilib və burada Ağdam bölgəsində gedən döyüşlərdə şücaətlər göstərmişdir. 23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
Evli idi. Xəyalə və Aygün adlı iki qızı, Ziya adlı bir oğlu var. Səhləbad kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.