Azad Qaraqoyunlu kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Azad Qaraqoyunlu kəndində keçirilib.
Qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib. O, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə türk qardaşlarımıza göstərilən humanitar yardımdan, rayonumuzun sakinlərinin də yardım aksiyasına qoşulmasından, tərtərlilərin yardımlarının Kahramanmaraşa çatdırılması haqqında məlumat verib, zəlzələ nəticəsində həlak olanların ailələrinə baş sağlığı verib, təbii fəlakət nəticəsində yaralananların tezliklə sağlamlıqlarına qovuşmasını arzu edib.
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Azad Qaraqoyunlu kəndinin 565,5 hektar ərazisi, 358 təsərrüfatı, 1464 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 1 klub, 1 kitabxana, 6 ticarət və 3 iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 711 baş iribuynuzlu, 612 baş xırdabuynuzlu heyvan, 5211 baş quş saxlayırlar.
Azad Qaraqoyunlu kəndində son üç ildə 1,8 km kəndarası yol cari təmir olunub, əkin sahələrinə gedən su arxları 2,6 km məsafədə lildən təmizlənib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Arif Hüseynov, Tünzalə Cəfərova və Rəsmiyyə Bağırova Heydər Əliyev Fondu tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlandığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Vətən müharibəsi qazisi Sadiq Abbaslı isə kəndin suvarma arxlarının lildən təmizlənməsi barədə müraciət edib.
Qaldırılan məsələ nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıq verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.