Azad Qaraqoyunlu kəndində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun səyyar-qəbul görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Azad Qaraqoyunlu kəndində keçirilib.
Qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı şəhidlər guşəsinin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Azad Qaraqoyunlu kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bildirib ki, əhali fasifləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Azad Qaraqoyunlu kənd İƏD-nin 563 hektar ərazisi, 356 təsərrüfatı, 1458 nəfər əhalisi var. Ərazidə 2 məktəb, 1 kitabxana, 1 körpələr evi uşaq bağçası, 1 tibb məntəqəsi, 6 ticarət oyekti, 2 iaşə obyekti, 2 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 711 baş iribuynuzlu, 612 baş xırdabuynuzlu heyvan, 5211 baş quş, 94 arı ailəsi saxlayırlar.
Son üç ildə Azad Qaraqoyunlu kəndində 1,1 km məsafədə kəndarası yollar təmir edilib, su arxları 1,2 km məsafədə lildən təmizlənib, Azad Qaraqoyunlu kənd tam orta məktəbi üçün yeni bina tikilib, Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərini birləşdirən 11 km məsafədə kənd arası yollar asfaltlanıb, kənd ərazisində 850 ədəd çəkil, 150 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Əliyar Vəliyev və Cavanşir Hüseynov suvarma suyu ilə təmin olunma, Məzahir Kərimov suvarma arxının təmizlənməsi, Vəliş Əsgərov Azad Qaraqoyunlu kənd xəstəxanasının təmir olunması, İsa Mönsümov və Sərxan Əliyev Köçərli kəndi ərazisində qanunsuz tikdikləri sahibkarlıq obyektinin sökülməməsi və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.