Şriftin ölçüsü :

Saytın rəngi :

Aqrar Sığorta Fondu zərər ödənişlərinə başladı

27 oktyabr 2023 | 18:09

Azərbaycanda əkin sahələrinin və təsərrüfatların sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondu 2023-cü il ərzində baş verən hadisələr və qeydə alınan zərərlər üzrə fermer və təsərrüfatlara zərər ödənişləri edilməsinə başlayıb.

Fonddan verilən məlumata görə, sığorta ödənişləri 2023-cü il ərzində baş verən hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərləri əhatə edəcək.

Bura Aqrar Sığorta Fondunun qarşıladığı bütün risklər: dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri aiddir.

Fondun məlumatına görə, artıq sənədləri təsdiq edilmiş fermer və təsərrüfatlara SMS bildirişlərin göndərilməsinə başlanılıb. SMS bildiriş gələn şəxslərdən ödəniş həyata keçirilməsi üçün sənədlərini təqdim etmək xahiş olunur.

Aqrar Sığorta Fondunun məlumatına görə, 2023-cü il ərzində indiyədək Fonda hadisələrin baş verməsi ilə bağlı 9 minə yaxın müraciət daxil olub. Müraciətlərin böyük hissəsi fırtına-qasırğa, sel-subasma, dolu və sair hadisələrlə əlaqədardır.

Sığorta hadisələri ölkənin bütün bölgələrində və Aqrar Sığorta Fondunun sığorta etdiyi əksər bitki növlərində qeydə alınıb. Ən çox müraciət buğda, arpa, pambıq və qarğıdalı əkinləri üzrə qeydə alınıb.

Aqrar Sığorta Fondu tərəfindən ilin əvvəlindən indiyədək baş verən hadisələr üzrə ödənişlərin edilməsi üçün lazımi həcmdə ehtiyat yaradılıb. Fondun maliyyə imkanları kifayət qədərdir və qeydə alınaraq təsdiqlənmiş bütün sığorta hadisələrinin qarşılanmasına imkan verir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 19 avqust tarixli fərmanı ilə fəaliyyətə başlayan Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarının sığortalanmasını həyata keçirir.

Fəaliyyətə başladığı dövrdən Aqrar Sığorta Fondunun fermer və təsərrüfatlara ödənişləri ilbəil artmaqdadır. Fond tərəfindən 2021-ci ildə 1,2 milyon manat, 2022-ci ildə isə 2,4 milyon manat sığorta ödənişi edilib, 2023-cü ildə bu rəqəm daha da artacaq.

Aqrar Sığorta Fondunun əhatə etdiyi məhsul və risklərin siyahısı mütəmadi olaraq genişlənir və hazırda Fond 41 bitki növü üzrə əkinləri ümumilikdə 28 sayda riskdən qoruyur.

Fermerlərə dəstək məqsədilə, hesablanmış sığorta haqlarının 50%-ni dövlət ödəyir.

Aqrar Sığorta Fondunun xidmətləri, sığortalanan məhsullar və əhatə etdiyi risklər barədə ətraflı məlumatı Fondun rəsmi internet səhifəsi (asf.gov.az) və 1651 Çağrı Mərkəzi vasitəsilə almaq mümkündür.

Keçidlər