Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Nicat İsgəndərovun xatirəsi anılıb

02 aprel 2024 | 14:05

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin giziri, 2016-cı ildə Aprel döyüşlərində Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş Nicat Bəhruz oğlu İsgəndərovun 8-ci  ildönümüdür.

Bu münasibətlə şəhidin böyüyüb boya-başa çatdığı evin qarşısında təşkil olunmuş tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon polis şöbəsinin rəis müavini, mayor Samir Bayramov, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov işğal olunmuş Qarabağ torpaqlarının azad olunması uğrunda zaman-zaman canından keçmiş Nicat kimi  igid oğulların döyüş yolundan, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən, ötən ilin sentyabr ayının 19-da aparılan lokal xarakterli antiterror əməliyyatlarından danışıb, ölkə rəhbərinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazlərə göstərdiyi diqqət və qayğını dilə gətirib. Nicat kimi oğul böyütdükləri üçün valideynlərinə təşəkkür edib, şəhid analarının qarşısında baş əydiyini bildirib.

Şəhidin atası Bəhruz İsgəndərov, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Regional şöbəsinin sədri Vidadi Məmmədzadə çıxış edərək şəhidin döyüş yoluna nəzər salıb, onunla bağlı xatirələrini bölüşüblər. Məktəblilərin ifasında Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Sonra tədbir iştirakçıları şəhidin böyüyüb boya-başa çatdığı evin qarşısında yeni quraşdırılmış baralyefin önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, şəhid Nicat İsgəndərov 1989-cu ilin 4 avqust tarixində Tərtər şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Vətənə xidmətini cəbhənin Füzuli istiqamətində davam etdirib. Gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 3-ü isə doğulduğu Tərtər şəhərində son mənzilə yola salınıb. Nicat İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. Tərtər şəhərində küçələrdən birinə Nicat İsgəndərovun adı verilib, küçənin girişində şəhidin barelyefi quraşdırılıb. Nicat İsgəndərovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs edən “Şəhidliyə aparan arzu” sənədli film çəkilib.

Şəhid Nicat İsğəndərovun valideynləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər