Almaniyanın “TAUBER” Holding Qrupunun rəhbəri Jan-Bernd Kappelhoff Tərtər rayonunda səfərdə olub
Səfər çərçivəsində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ona 44 günlük Vətən müharibəsində Tərtər rayonunun infrastrukturuna dəymiş ziyanla bağlı məlumat verib. Bildirib ki, Vətən müharibəsində Tərtər rayonuna və onun yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb, tərtərlilər 44 nəfər hərbi, 16 nəfər mülki şəhid verib.
Rayonda 3663 fərdi yaşayış evinə, 83 çoxmənzilli binaya, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq obyektinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 məktəbə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, 30 inzibati binaya, 103 nəqliyyat vasitəsinə, 308 kənd təsərrüfatı texnikasına, 505 hektar əkin sahəsinə, 554 baş iri və xırdabuynuzlu heyvana ziyan dəyib.
Sonra Jan-Bernd Kappelhoff rayon Tarix-diyarşünaslıq muzeyinin qarşısında eksponat kimi qoyulmuş Vətən müharibəsində rayona atılmış raketlərə baxıb.
Xarici qonaq icra başçısı ilə birlikdə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, həmin ərazilərə yeraltı kommunikasiya xətlərinin çəkilməsi, yeni iş yerlərinin açılması ilə bağlı fikir mübadiləsi edib.