Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Tərtər rayonunda səfərdə olub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Tərtər rayonunda səfərdə olub.Səfər çərçivəsində Bahar xanım rayon rəhbəri Müstəqim Məmmədovla birlikdə Mərkəzi Meydanda Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsinə hörmət əlaməti olaraq abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
Sonra komitə sədri rayon rəhbəri ilə birlikdə Vətən müharibəsində Tərtərin yaşayış məntəqələrinə dəymiş ziyanı əks etdirən foto stendlərə və rayonun yaşayış məntəqələrinə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bahar xanım Muradovaya 44 günlük Vətən Müharibəsində Tərtər rayonuna, onun infrastrukturuna dəymiş ziyanla bağlı məlumat verib və komitə sədrinin suallarını cavablandırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova rayon icra hakimiyyətində əməkdaşlara yaradılan iş şəraiti ilə tanış olub.
Tərtər Rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Tərtər və Bərdə rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər əsasən uşaqların təhsili, işlə təmin olunma, uşaqla ünsiyyət, əlilliyin təyin olunması, müalicəyə köməkliyin göstərilməsi və digər məsələlərlə bağlı olub.
Komitənin aidiyyəti struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda qurumun fəaliyyət istiqamətlərinə uyğun müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, aidiyyəti şöbələrin icraatına göndərilib.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.