Aİ və ÜST psixi sağlamlıq xidmətlərinin inkişafına dəstək məqsədilə Tərtər rayonunda təlim və superviziya təşkil edib
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisi, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə əməkdaşlığı, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 8-11 avqust 2023-cü il tarixlərində keçmiş təmas xətti olan Tərtər rayonunda psixi sağlamlıq və psixososial dəstək xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində təlim və superviziya həyata keçirilib.
8-10 avqust tarixlərində ilkin səhiyyə həkimləri üçün ÜST-nin regional konsultantı Dr. Peter Hughes tərəfindən 3 günlük “mhGAP” (psixi sağlamlıq sahəsində boşluqları aradan götürmək ücün tədbirlər planı) təlimi keçirilib. Təlim zamanı iştirakçılara depressiya, təşviş pozuntuları, posttravmatik stress pozuntusu və stress kimi psixi sağlamlıq pozuntuları, həmçinin onları müəyyən etmək, idarə etmək və yönləndirmək haqqında məlumat verilib. Məlumatların mənimsənilməsi və praktiki bacarıqların artırılması məqsədilə rol oyunları və qrup işləri təşkil olunub.
Superviziyalar zamanı ÜST tərəfindən təlim almış həkimlərin mhGAP proqramının, psixososial bacarıqların (psixotəlim, stressin idarə olunması, ünsiyyət bacarıqları) istifadəsi, diaqnozun qoyulması, planın qurulması barəsində müzakirələr aparılıb.
Layihənin məqsədi psixi sağlamlıq və psixososial dəstək üçün multidisiplinar koordinasiya mexanizminin yaradılmasına yardım etmək və ilkin səhiyyə xidməti müəssisələrində psixi sağlamlıq xidmətləri potensialını artırmaqdır. Sözügedən layihə Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.