Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

23 fevral 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə hazırlanmış Tədbirlər Planına uyğun olaraq  YAP rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə əvvəlcə Xocalı faciəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Ötən iki əsrdə erməni millətçiləri tərəfindən xalqımızın dəfələrlə soyqırımına məruz qaldığı diqqətə çatdırıb. Vurğulayıb ki, 27 il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri mühasirəyə aldıqları Xocalı şəhərində 613 nəfər, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı öldürüb, 487 dinc sakini ağır yaralayıb, 1275 nəfəri girov götürüblər. Yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verilib. Bu gün Xocalı faciəsinin dünyada tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib. Xocalı faciəsi Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, İordaniya və sair kimi dövlətlər və ABŞ-ın 21 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınıb. Dünyanın hər yerində Xocalı soyqırımının tanınması ilə əlaqədar işlər davam edir. Bu sahədə, həm də 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası önəmli rol oynayır.

Tədbirdə Gənclər və İdman İdarəsinin nümayəndəsi Şəhram Quliyev, Heydər Əliyev mərkəzinin əməkdaşı Samirə Səfərova, təhsil şöbəsinin aparıcı məsləhətçisi Nuranə Məmmədli, şəhər 1 saylı tam orta məktəbin müəllimi Nərgiz Dostuzadə, Qaraağacı kənd tam orta məktəbin direktoru Rəşad Qarayev, Kəngərli kənd tam orta məktəbinin müəllimi Valeh Əbilov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərdən, amansızlıqlardan, cinayətin yaddaşlardan silinməyəcək dəhşətlərindən bəhs ediblər. Natiqlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınması istiqamətində gördüyü işlərdən danışıblar. Həmçinin Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyi qeyd olunub.

 

Keçidlər