Düşmən təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller fevralın 13-də Tərtər rayonunda olub.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir.
Diqqətə çatdırılıb ki, sonuncu monitorinqin keçirildiyi 2018-ci il iyunun 8-dən indiyədək atəşkəs rejimi 293 dəfə pozulub. Ötən monitorinqin keçirildiyi istiqamətdə əsasən rayonun Borsunlu və Dəmirçilər kəndləri mütəmadi olaraq iriçaplı silahlardan atəşə tutulub.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri ətraflı məlumat üçün təşəkkür ediblər.