Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi Tərtər rayonunda səfərdə olub
Fevralın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Bərdə nümayəndəliyinin rəhbəri Gerardo Moloeznik Tərtər rayonunda səfərdə olub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşən Gerardo Moloeznik təşkilat tərəfindən 2018-ci il ərzində Tərtər rayonu ərazisində görülən işlər barədə məlumat verib, 2019-cu ildə nəzərdə tutulan görüləcək işləri rayon rəhbəri ilə müzakirə edib.
Görüşdə rayon rəhbəri Tərtər rayonunun düşmənlə 48 kilometr təmas xətti olduğunu, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin tez-tez pozulması nəticəsində rayonun dinc sakinlərinin xəsarət aldığını, mülki əhalinin şəhid olduğunu, inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya ciddi ziyan vurulduğunu bildirib.
Qeyd olunub ki, düşmən tərəfindən yay aylarında işğal altında olan ərazilərdə yanğınlar törədilməsi ətraf mühitə ziyan vurmaqla yanaşı, yırtıcı heyvanların və həşəratların rayon ərazisinə kütləvi miqrasiyasına gətirib çıxarır. Nəticədə taxıl zəmiləri və digər kənd təsərrüfatı məhsulları ziyanvericilər tərəfindən məhv edilir.
Ermənilər tərəfindən işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, bu da becərmə işlərində çətinliklər yaradır. Qış fəslində isə üzdəniraq qonşularımız suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Çaylar vasitəsi ilə rayon ərazisinə partladıcı maddələr də axıdılır. Sahələrdə əkin işləri ilə məşğul olan texnikaların atəşə tutulmasına görə sakinlərin məcburiyyət qarşısında təsərrüfatı işləri ilə gecə saatlarında məşğul olması da diqqətə çatdırıb.
Qonaq səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlığını bildirib.